Türkiyəli federasiya prezidenti idmançılarımızı mükafatlandırıb

Stolüstü tennis üzrə Azərbaycan milli komandası Türkiyədə “Avropa gənclər seriyası”nda iştirak edir.

Allsport.az xəbər verir ki, Nevşehirdə təşkil olunan turnirin komanda yarışlarında məşqçilər Ramil Cəfərov və Elnur Hidayətzadənin rəhbərliyi ilə Onur Quluzadə, Şakir Qədirov, Yağmur Məmmədli və Banu Baytallıdan ibarət kollektiv 13 yaşadək idmançılar arasında ikinci yeri tutub.

Tunar Bağırov, Uğur Nəzərli, Şəbnəm Mansurova və Xədicə Eylazovadan ibarət komanda isə 15 yaşadək idmançıların mübarizəsində bürünc medal qazanıb.

Mükafatları Türkiyə stolüstü tennis federasiyasının prezidenti Oktay Çimen və Azərbaycan stolüstü tennis federasiyasının baş katibi Könül Mikayılova təqdim edib. Hər iki yaş qrupunda final görüşləri isə beynəlxalq dərəcəli hakimlər Zaur Mikayılovla Xəyalə Qiyasovaya həvalə olunub.

İdmançılarımız martın 17-də yekun vurulacaq yarışın son günlərində şəxsi mübarizədə bacarıqlarını göstərəcəklər.

Həmin kateqoriyadan