- Baxış sayı: 41
- 22 Noyabr 2024 20:40
- Baxış sayı: 92
- Noyabr 21, 2024
- 0
“Xəzər Lənkəran”da təmizləmə əməliyyatı davam edir. Allsport.az xəbər verir ki, baş məşqçi Oğuz Çətin və onun köməkçiləri ilə yollarını ayıran cənub klubu artıq aparıcı futbolçularını da bir-bir yola salmaqdadır.
Hətta iş o yerə çatıb ki, “ağ-yaşıllar” yayda min bir əziyyətlə sıralarına qatdıqları futbolçuları da komandadan uzaqlaşdırıblar. Məsələn, Rəşad Sadiqov, Rauf Əliyev, Əfran İsmayılov bundan sonra cənubluların uğurları üçün çalışmayacaq.
Komandadan ayrılan digər yerli futbolçular Cahangir Həsənzadə, Aleksandr Şemonayev, eləcə də uzun illər idi “Xəzər Lənkəran”da çıxış edən Elnur Abdullayevdir. Rasim Ramaldanovun da komandadan göndərilməsi istisna olunmur. Lakin onun qalması üçün şansı var. Bunun üçün o, rəhbərliyin maaşını aşağı salmaq barədə şərtini qəbul etməlidir. Əks halda, Ramaldanov da bu qış özünə yeni iş yeri axtarmalı olacaq. Eyni sözləri Orxan Sadıqlıya da aid etmək olar. Onun da taleyi hələlik, sual altındadı və istisna deyil ki, komandadan ayrılsın.
Legionerlərə gəlincə, Deyan Blajevski, Qalin İvanov hələ bir müddət öncə məhz maliyyə problemlərinə görə komandadan ayrılmışdı. Məlum qərar səbəbindən artıq Vyekoslav Tomiç, Tyeqo Xesus, Manuel Skarlatake, Vanderson Skarduelli və Fernando Qabrielin də cənub klubundan ayrıldığı bildirilir. Hələlik, təsdiqlənməmiş məlumata görə, komandada iki legionerin saxlanılması nəzərdə tutulub ki, bunlar da Sadio Tounkara ilə Alfred Sankodur. Amma bu, sadəcə, ehtimaldır və onların da göndərilməsi istisna deyil. Bir halda büdcə azaldılıbsa, cənub klubu artıq pul xərcləmək istəmirsə, deməli, bu iki legionerə görə də “tərləməy”in mənası yoxdur.
Komandada qalması dəqiq olan futbolçulara gəlincə, bunlardan biri kapitan Rahid Əmirquliyevdir. Rəhbərlik, onun getməsini istəmir. Eyni zamanda Ağabala Ramazanov, Tural Cəlilov, Elnur Cəfərov kimi futbolçuların da göndərilməsi gözlənilmir. Onlar yeni baş məşqçi Elbrus Məmmədovun rəhbərliyi altında əvəzedici komandada çıxış edən gənc futbolçularla birgə “ağ-yaşıllar”ı ayaqda saxlamağa çalışacaqlar. Cənubluların belə bir radikal dəyişiklikdən sonra nə dərəcədə uğurlu çıxış edəcəyini isə zaman göstərəcək.