11 boksçumuz olimpiya oyunlarına vəsiqə üçün Avropa birinciliyinə yollanıb

17-26 apreldə İtaliyanın Rozeto-deli-Abrutsi şəhərində gənc boksçuların Avropa birinciliyi keçiriləcək. Allsport.az saytı xəbər verir ki, Azərbaycan yarışda 11 idmançı ilə təmsil olunacaq. Bunlar Maqsud Xasmətov (49 kq), Həsən İbrahimov (52 kq), Nəbi İsgəndərov (56 kq), Nurlan Səfərov (60 kq), Səbuhi Abışov (64 kq), Nicat Həsənov (69 kq), Məhəmməd Yusifov (75 kq), Zaur Musayev (81 kq), İsmayıl Yaqubov (91 kq) və Vüqar Səmədov (+91 kq) və Ruhanə Məmmədovadır (60 kq).

Millimiz hazırlığını yekunlaşdırmaq üçün baş məşqçi Vaqif Şirinovun rəhbərliyi ilə Apennin yarımadasına yollanıb. Komanda Rozeto-deli-Abrutsidə  2 həftəlik təlim-məşq toplanışına qatılacaq.

Avropa birinciliyi bu ilin oktyabrında Argentinanın paytaxtı Buenos-Ayresdə keçiriləcək yeniyetmələrin yay olimpiya oyunlarına vəsiqə verəcək. Oğlanların yarışında 49 kq istisna olmaqla, digər çəkilərdə 2000-2001-ci il təvəllüdlü idmançılar arasında ən yaxşı nəticə göstərən “dördilliy”ə yollanmaq hüququ alacaq. Qızlarda 4 çəki dərəcəsində (51 kq, 57 kq, 60 kq, 75 kq) ən yaxşılar bu imkana yiyələnəcəklər.

Həmin kateqoriyadan