6 boksçu mərhələ adladı

Dubayda kişi boksçular arasında dünya çempionatı davam edir. Allsport.az xəbər verir ki, mundialın 1/8 finalında Azərbaycan yığmasının 6 idmançısı çıxışını qələbə ilə başa vurub.

Sübhan Mamedov (48 kq) 1/4 final uğrunda Mehran Şəfiyevlə (Tacikistan) döyüşüb. Görüş boksçumuzun 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:27) hesablı qələbəsi ilə başa çatıb. O, növbəti qarşılaşmasında Şadiyarcan Məliküzyevlə (Özbəkistan) üz-üzə gələcək.

Məhəmmədəli Aşurəliyev (60 kq) ardıcıl üçüncü döyüşünü aktivinə yazıb. Boksçumuz 1/8 finalda Artuş Qomtsyana (Gürcütsan) da gücünü göstərib – 5:0 (30:27, 30:27, 30:26, 30:27, 30:27). Aşurəliyev 1/4 finalda Əbduməlik Xalokovu (Özbəkistan) sınağa çəkəcək.

Zaur Qəhrəmanov (67 kq) bu dəfə Tomas Kasazzanı (Argentina) mübarizədən kənarlaşdırıb – 5:0 (30:25, 30:26, 30:26, 30:26, 30:26). Onun növbəti rəqibi Yevgeni Kul (Rusiya) olacaq.

Səidcəmşid Cəfərov (75 kq) yenə rinqdən qalib ayrılıb. Təmsilçimiz Əmir Abbası (Bəhreyn) hər üç raundda məğlub edib və yekunda 5:0 (30:26, 30:27, 30:27, 30:27, 30:27) hesabı ilə qələbə qazanıb. Cəfərov yarımfinala gedən yolda Fazliddin Ərkinbəyevlə (Özbəkistan) münasibətinə aydınlıq gətirəcək.

Alfonso Dominqes (92 kq) debütdə Matias Veronla (Argentina) qüvvəsini sınayıb. Dünya çempionumuz rəqibinə ikinci raundda nokautla qalib gəlib. Dominqes 1/4 finalda Andrey Zaplitni (Moldova) ilə gücünü yoxlayacaq.

Məhəmməd Abdullayev (+92 kq) isə startda Mvoqo Zaçaryeni (Kamerun) məğlub edib. 5:0 (30:27, 29:28, 30:27, 29:28, 30:27) hesabı ilə qələbə qazanan dünya çempionatının mükafatçısı 1/4 finalda Dövlət İslamovla (Türkmənistan) qarşılaşacaq.

Bu gün daha 3 boksçumuz 1/8 final döyüşünə çıxacaq.

Həmin kateqoriyadan