AİJF idarə heyətinin növbəti iclası onlayn qaydada keçirilib

Aprelin 24-də Azərbaycan idman jurnalistləri federasiyası idarə heyətinin növbəti iclası keçirilib. Allsport.az saytı xəbər verir ki, videokonfrans formatında təşkil edilən iclasa sədrlik edən AİJF prezidenti Qabil Mehdiyev əvvəlcə gündəlikdəki məsələlər barədə məlumat verib.

Gündəliyə əsasən, ilk olaraq, federasiyanın tədbirlər planında nəzərdə tutulan bir sıra bəzi tədbirlərin qeyri-müəyyən müddətədək təxirə salınması məsələsinə baxılıb. Müzakirələrdən sonra, koronavirus pandemiyası səbəbindən dünyada və ölkəmizdə kütləvi tədbirlərin, o cümlədən idman yarışlarının təxirə salınması, eləcə də Azərbaycanda karantin rejiminin uzadılması əsas gətirilərək, federasiyanın kütləvi tədbirlərinin karantin rejimi başa çatanadək təxirə salınması qərara alınıb.

İclasda daha bir məsələ, ölkəmizdə idman jurnalistikasının inkişafında müstəsna xidmətləri olmuş və bu il 100 illiyi qeyd ediləcək Mirpaşa Miriyev haqqında kitabla bağlı qərarın qəbul edilməsi olub. Nəşr – ustad həmkarımızın həyatı, eləcə də yarım əsrdən çox bir dövrü əhatə edən zəngin yaradıcılıq yolundan bəhs edəcək.

Karantin dövründə idman jurnalistlərinin asudə vaxtlarının səmərəli təşkili məqsədilə onlayn yarışların keçirilməsi müzakirə edilib. İclasda həmçinin, mövcud reallıq nəzərə alınaraq, AİJF üzvü olan idman jurnalistləri üçün beynəlxalq ekspertlər tərəfindən onlayn treninqin təşkili müzakirə edilib və bununla bağlı müvafiq qərar qəbul olunub.

İdarə heyəti ötən iclasdan sonrakı dövrdə üzvlük üçün edilmiş müraciətlərə də baxıb. Yeni üzvlər qəbul ediliblər və onlara bu barədə fərdi şəkildə məlumat veriləcək. Qərara alınıb ki, növbəti dəfə üzvlərin qəbulu məsələsinə cari ilin sentyabr ayında baxılsın.

Həmin kateqoriyadan