Arif Əsədov: “Hakimlik barədə heç nə demək istəmirəm”

“Neftçi”nin baş məşqçisi Arif Əsədov Topaz Premyer Liqasının 13-cü turu çərçivəsində “Xəzər Lənkəran”a qarşı keçirdikləri oyunu şərh edib. Allsport.az xəbər verir ki, paytaxt klubunun çalışdırıcısı 2:2 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:

“Neftçi” – “Xəzər Lənkəran” oyunları həmişə prinsipial alınıb. Oyun məhz derbi adı ilə uzlaşdı. Qırmızı vərəqələr oldu. Lakin sona yaxın komandam özündə güc tapdı və bərabərlik qolunu vurdu. Mən hakimlik barədə heç nə demək istəmirəm. İsti başla nəsə demək düzgün deyil. Sadəcə, əlavə edim ki, təzyiqlərə baxmayaraq, biz hesabı bərabərləşdirdik. Emil Balayev qırmızı vərəqə aldıqdan sonra bəzi dəyişikliklər etdik.

Araz Abdullayev bu gün meydançaya çıxmadı. O, lazımlı oyunçudur. Amma komandanın nizam-intizam kodeksləri var. Bütün futbolçular buna əməl etməlidir. Araz Abdullayevlə bağlı sabah qərar verəcəyik. Biz o tip futbolçuları itirməyə yox, qazanmağa çalışırıq. Qərar çıxarıldıqdan sonra bu barədə ictimaiyyətə məlumat verəcəyik.

Qaydalar hər bir futbolçu üçün keçərlidir. Elvin Yunuszadə düşərgəyə gecikdi və onu da cəzalandırdıq. Heç bir futbolçuya güzəşt olunmayacaq. Biz milli komandaya futbolçu vermək üçün çalışırıq. Qırmızı vərəqələr çox oldu. Elə bir oyun idi ki, hər bir futbolçu qırmızı vərəqə ala bilərdi”.

Həmin kateqoriyadan