Avropa çempionatında komanda hesabında 3-cü pillə

Serbiyanın Novi Pazar şəhərində yeniyetmə boksçular arasında keçirilən Avropa birinciliyi başa çatıb.

Allsport.az xəbər verir ki, yarışın son günündə Azərbaycan yığmasının daha bir medalı rəsmiləşib.

+80 kq-da mübarizə aparan Səfdər Məmmədzadə finalda rusiyalı Boqdan Smolkinlə döyüşüb. Görüş rəqibin 3:2 (26:30, 28*:28, 28*:28, 26:30, 29:27) hesablı qələbəsi ilə yekunlaşdığından Məmmədzadə gümüş medalla kifayətlənib.

Bununla da, Azərbaycan yığması Avropa birinciliyini 1 qızıl, 4 gümüş və 8 bürünc medalla başa vurub. Milli bu göstərici ilə komanda hesabında 3-cü yeri tutub.

Boksçulardan daha öncə Əminə Tağı (50 kq) Avropa çempionu tituluna yiyələnib. Cəmilə Muradlı (52 kq), Fidan Bakarova (63 kq), Səma Abbasova (66 kq) gümüş, Qardaş Rəhimov (46 kq), Məhəmməd Rəsulov (50 kq), Raul Heydərli (54 kq), Şahin Aslanov (60 kq), Haqverdi Həsənov (63 kq), Aylin Nəzərova (46 kq), Gülər Hüseynova (48 kq) və Zəhra Məmmədova (54 kq) bürünc medal qazanıblar.

Həmin kateqoriyadan