Azərbaycan boks federasiyasında prezident seçkisindən yazıb

Avropa boks konfederasiyasının prezidenti Franko Falçinelli, qitə boksunun son bir aydakı durumunu dəyərləndirib. Allsport.az saytı xəbər verir ki, o, aylıq bülletenində Ukraynada münaqişədən bəhs edib. Avropa və dünya boksunda baş verənlərə münasibət bildirən EUBC rəhbəri Azərbaycan boks federasiyasındakı rəhbər dəyişikliyi barədə də fikrini açıqlayıb.

İtaliyalı mütəxəssis qeyd edib ki, dəyişikliklər boksun inkişafında müsbət rol oynayacaq: “Sonda 2 yaxşı xəbəri qeyd edim. Tauhiti Nena Okeaniya boks konfederasiyasının rəhbəri postunu tutub. Azərbaycan boks federasiyası da ölkənin əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevi öz prezidenti seçib. Onlara yaxşı iş və idman uğurları ilə bağlı səmimi arzularımı çatdırıram. Həmçinin Okeaniya boks konfederasiyasında rəhbər postundan ayrılan Ted Tannerə fəaliyyəti dövründə gördüyü işlərə görə təşəkkürümü bildirirəm”.

O, yekunda 2024-cü ildə Paris yay olimpiya oyunlarında çəki dərəcələrinin dəyişdirilməsi layihəsinin əleyhinə çıxıb. EUBC prezidenti çəki dərəcələrində balansın pozulacağından ehtiyatlandığını gizlətməyib. Franko Falçinelli, həmçinin boksda gender bərabərliyinin təmin olunmasını düzgün saymır.

Qeyd edək ki, Beynəlxalq Olimpiya Komitəsi və Beynəlxalq Boks Assosiasiyası Paris-2024-də kişi boksçuları 8 çəki dərəcəsindən 7-yə endirmək, qadınları 5 çəki dərəcəsindən 6-ya qaldırmaqla bağlı müzakirələr aparır. Yenilik tətbiq olunarsa, Fransa paytaxtında təşkil olunacaq növbəti Olimpiadada 124 kişi və 124 qadın rinqə çıxacaq.

Həmin kateqoriyadan