Azərbaycan rinqində ilk: bokçularımız olimpiya oyunlarına tam heyətlə yollanacaq

Bakıda boksçuların Rio Yay Olimpiya Oyunlarına lisenziya verən dünya təsnifat turnir bu gün başa çatır. Allsport.az saytı xəbər verir ki, yarışda uğurlu çıxış edən millimiz rinqdə tarix yazıb: kişilərdən ibarət komandamız ilk dəfə olimpiadaya tam heyətlə yollanacaq. Buna qədər say baxımından ən yaxşı göstərici Afina-2004-ə məxsus idi – 11 çəkidən 9 boksçu.

Nəticələrə gəldikdə, Rüfət Hüseynov (49 kq) finalda ispaniyalı Samuel Karmona ilə üz-üzə gələcək. Hər 2 idmançı Rio-2016-ya vəsiqəni təmin etdiyindən, bu görüş formal xarakter daşıyır. Lakin boksçumuz doğma divarlar arasında rinqə çıxacağından, yarışı çempion kimi başa vurmağı hədəfləyib.

Kamran Şahsuvarlı (75 kq ) artıq lisenziya qazanıb. Onun 1/4 finalda uduzduğu Maykl Oreylli, həlledici döyüşdə türkmənistanlı Aslanbəy Açilovu məğlub etməli idi. İlk “beşliy”in Rioya vəsiqə qazandığı çəki dərəcəsində çempion məhz irlandiyalı olub. Belə ki, Açilov final qarşılaşmasına çıxmaqdan imtina edib. Belədə, Kamran Şahsuvarlı da Braziliyaya yollanmaq hüququ qazanıb.

Axşam proqramında Azərbaycan yığmasının boksçuları daha iki çəki dərəcəsində həlledici döyüşə çıxacaqlar. Son 2 görüşü döyüşmədən keçirən və Rioda Azərbaycan millisinin bayraqdarı olmağa yeganə namizəd – Teymur Məmmədov (81 kq) finalda almaniyalı Serge Mixellə görüşəcək.

Buna qədər Elvin Məmişzadə (52 kq), Cavid Çələbiyev (56 kq), Albert Səlimov (60 kq), Lorenso Sotomayor (64 kq), Pərviz Bağırov (69 kq), Abdulqadir Abdullayev (91 kq), Məhəmmədrəsul Məcidov (+91 kq) və 1 qadın boksçu Yana Alekseyevna (60 kq) Rio-2016-ya vəsiqə qazanıblar.

Həmin kateqoriyadan