Azərbaycan stolüstü tennis federasiyası Hindistan şirkəti ilə əməkdaşlığı məqbul saymayıb

Hindistan son dövrdə Azərbaycana qarşı qərəzli mövqedə çıxış edir. Bir müddət öncə hökümət ölkəmizə səfər etməməyi və bizim malları almamaq bağlı çağırış edib. Tanınmış hind bloqçular isə “X” şəbəkəsində “Boycott Azerbaijan” təbliğatına aparıblar. Bu günlərdə Çin Xalq Respublikasında keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının toplantısında Hindistan bir daha Azərbaycanın bu quruma üzv olmaq üçün verdiyi müraciətə “veto” qoyub.

Eyni zamanda Çinin Tiencin şəhərində prezident İlham Əliyevin Pakistanın baş naziri Məhəmməd Şahbaz Şəriflə görüşündə bu mövzuya toxunulub. Baş nazir Hindistanın Pakistana qarşı hərbi təcavüzü zamanı Azərbaycanın göstərdiyi siyasi dəstəyə və həmrəyliyə görə bir daha təşəkkürünü bildirib.

Ölkə başçımız deyib ki, ölkəmizin Pakistana göstərdiyi dəstəyə cavab olaraq Hindistan beynəlxalq təşkilatlarda Azərbaycandan qisas almağa çalışır. Bunun ölkəmiz üçün heç bir əhəmiyyət daşımadığını vurğulayan İlham Əliyev, Azərbaycan üçün qardaşlıq münasibətləri hər şeydən üstün olduğunu deyib.

Bu ilin iyun ayında Azərbaycan stolüstü tennis federasiyası ilə Hindistanın “Stag Global” şirkəti arasında 4 illik rəsmi əməkdaşlıq müqaviləsi imzalanıb. ASTF-in yaydığı məlumata görə, qarşı tərəf bu müddət əzrində milli komandalarımızı geyim dəstləri və idman avadanlıqları təmin edəcək.

Milli və dövlət maraqlarını daim ön planda tutan Allsport.az portalı Azərbaycan stolüstü tennis federasiyasının bu istiqamətdə mövqeyinin dəyişib-dəyişmədiyini öyrənmək niyyəti ilə sentyabrın 4-də sorğu ünvanlayıb. Məqsəd, bu məsələni daim gündəmdə saxlamaq və ictimaiyyətə dolğun bilgi çatdırmaqdır.

Qarşı tərəf ilk müraciətə “yox” cavabını verərək, ancaq rəsmi qurumlarda qeydiyyatda olan KİV-lərə açıqlama verə biləcəyini deyib. Medianın inkişafı agentliyində üzvlüyümüzü biləndən sonra, möhürlü və imzalı rəsmi müraciət tələb edib. Bu gün ASTF-dən rəsmi olmasa da, cavab gəlib. Onu olduğu kimi nəzərinizə çatdırırıq:

“Azərbaycan stolüstü tennis federasiyası Hindistanın “Stag Global” şirkəti ilə əməkdaşlıq etmir. Bu şirkətlə Beynəlxalq stolüstü tennis federasiyasının tövsiyyəsinə əsasən, may ayında ilkin anlaşma imzalanmışdı. Sonradan, əməkdaşlığın davam etdirilməsi ASTF tərəfindən məqbul sayılmayıb”.

Həmin kateqoriyadan