Azərbaycanda “Olympic Moves” idman proqramının yeni mövsümünə start verilib

Bu gün Bakıda Beynəlxalq Olimpiya Komitəsi və qurumun ümumdünya tərəfdaşı olan “Coca-Cola” şirkəti, Azərbaycan Milli Olimpiya Komitəsi, Təhsil Nazirliyi və Gənclər və İdman Nazirliyinin birgə tərəfdaşlığı ilə icra olunan “Olympic Moves” məktəblilərin kütləvi idman proqramının yeni mövsümünün təqdimat mərasimi keçirilib. Allsport.az saytı xəbər verir ki, MOK-un inzibati binasında baş tutmuş tədbirdə ilkin olaraq “Olympic Moves” proqramının ötənilki nailiyyətlərinə həsr olunmuş video-çarx nümayiş etdirilib. Tədbirdə giriş sözü ilə çıxış edən vitse-prezident Çingiz Hüseynzadə cari mövsümdə proqram çərçivəsində olacaq yeniliklər barədə məlumat verib:

“Bu il Azərbaycan idmanı və ümumilikdə ölkəmiz üçün uğurlu bir il olub. Azərbaycan “Rio – 2016” Yay Olimpiya Oyunlarında ümumilikdə 18 medal olmaqla 1 qızıl, 7 gümüş və 10 bürünc əldə edib. Azərbaycanın idman uğurlarının davamlı olması üçün kütləvi idman proqramlarına ehtiyac var. “Olympic Moves” bu sahədə Azərbaycanın ən irimiqyaslı çoxnövlü kütləvi idman proqramıdır. Keçən ildən fərqli olaraq bu il proqram yalnız Bakı deyil, Azərbaycanın 4 rayon və şəhərində təhsil alan məktəbliləri də əhatə edəcək. Proqrama göstərdiyi dəstəyə görə Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi və “Coca-Cola” şirkətinə minnətdarlığımı bildirir və yeni mövsümdə hər kəsə uğurlar arzulayıram”.

Sonra çıxış edən gənclər və idman naziri Azad Rəhimov və təhsil naziri Mikayıl Cabbarov proqramın ölkədə Olimpiya dəyərlərini, həmçinin fəal və sağlam həyat tərzinin təşviqi istiqamətində əhəmiyyətini, məktəblilərin sağlamlığının mühafizəsində “Olympic Moves” proqramının müstəsna rolunu vurğulayıblar.

“Azerbaijan Coca-Cola Bottlers” şirkətinin baş direktoru Ərdinc Gözel sağlam həyat tərzinin cəmiyyətin inkişafı üçün önəmini deyib. “Coca-Cola” 200-dən çox ölkədə fəaliyyət göstərir və bu ölkələrin hamısında cəmiyyətin inkişafı naminə müxtəlif proqramlara dəstək olur. “Olympic Moves” da belə proqramlardan biridir.

“Olympic Moves” proqramının yeni mövsümü ilə bağlı video-çarxın təqdimatından sonra tədbirdə MOK, Təhsil Nazirlyi, Gənclər və İdman Nazirliyi, həmçinin “Coca-Cola” şirkəti arasında “Olympic Moves” çərçivəsində əməkdaşlıq haqqında memorandum imzalanıb. Memorandum proqram çərçivəsində məktəblilər üçün münbit idman mühitinin yaradılması, “Bakı 2015” Avropa Oyunlarının idman irsini davam etdirməklə Olimpiya idman komplekslərindən, o cümlədən idman bazalarından səmərəli istifadə üçün fəaliyyətin təşkili məqsədini daşıyır.

Məktəblilərin “Olympic Moves” idman proqramının əsası 2003-cü ildə “Coca-Cola” və Beynəlxalq Olimpiya Komitəsi tərəfindən qoyulub. Proqram uşaqların daim hərəkətli olmasını təbliğ edir ki, bu da “Coca-Cola”nın daha sağlam, xoşbəxt və fəal cəmiyyət prinsipini özündə təcəssüm etdirir. “Olympic Moves” proqramı məktəblilərin daha fəal və sağlam həyat tərzinə cəlb olunmasına yardım edir və Azərbaycanda idmanın inkişafına töhfə verir.

Həmin kateqoriyadan