AzDBTİA-da yeni yaradılmış ixtisasların təqdimatı oldu

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında yeni yaradılmış ixtisasların və bu ali təhsil müəssisəsində aparılan yenidənqurma işlərinin təqdimatı keçirildi. Allsport.az saytı xəbər verir ki, tədbirdə Baş nazirin müavini Elçin Əfəndiyev, gənclər və idman naziri Azad Rəhimov və bu təhsil ocağının rektoru Fuad Hacıyev iştirak etdi. O, son dövrdə bu ali təhsil müəssisəsində aparılan yenidənqurma işləri və tədrisdə innovasiyalar barədə məlumat verdi.

Bildirdi ki, cari ilin sentyabrından başlayaraq, Akademiyada “İdman jurnalistikası”, “İdman menecmenti”, “İdman tibbi və reabilitasiya” üzrə modul tipli ingilis dilində magistr ixtisaslarının tədrisinə start verilib. Hər üç ixtisasın tədris proqramına daxil edilməsinin məqsədi beynəlxalq idman əmək bazarında rəqabət qabiliyyətli kadrların hazırlanması və ölkədə gündən-günə inkişaf edən idman sahəsində tələb olunan ixtisaslar üzrə mütəxəssislərin yetişdirilməsidir.

Həmin magistr ixtisasları Azərbaycan təhsil sistemində yeni olduğuna görə Akademiya onların tədrisi üçün Böyük Britaniyanın bir sıra tanınmış ali təhsil ocaqları ilə əməkdaşlıq sazişləri imzalayıb. Tədris prosesi zamanı əsas modullar Avropanın qabaqcıl təhsil müəssisələrinin professor-müəllim heyəti tərəfindən həyata keçirilir. Tədrisin ingilis dilində keçirilməsi, eyni zamanda, beynəlxalq standartlara cavab verən dərsliklər və materiallardan yararlanmağa imkan verir. Yeni magistr proqramlarında yerli ingilis dilli akademik heyətin də potensialından istifadə olunur.

Həmin kateqoriyadan