“Baku alovları” Venesuela klubundan əvəz çıxdı: 5-0!

Bu gün Quba Olimpiya Kompleksində Ümumdünya Boks Seriyasının 9-cu turu çərçivəsində “Baku Fires” klubu “Caciques Venezuela” ilə qarşılaşdı. Allsport.az xəbər verir ki, ilk görüşdə komandamızın heyətində Cavid Dadaşov debüt etdi. O, 2013-cü ildə gənclər arasında Azərbaycan birinciliyinin finalına çıxıb.

Siftə ona düşərli oldu. Təmsilçimiz ilk dəqiqələrdən rəqibinə tutarlı zərbələr vurduğu və bundan Martinezin sol qaş nayihəsindən qan açıldığından, rinqin hakimi 3-cü raunda döyüşü saxlayaraq Cavidi qalib elan etdi. Növbəti görüşlərdə də boksçularımız inamlı təsir bağışladılar.

Komandamız nokautla başlayıb, elə bu tərzdə matçı başa çatdırdı. Əbdülqədir Abdullayev 1-ci raunda sağ yumruqla güclü zərbə ilə rəqibini nokauta göndərdi. Böyük hesabla latın amerikalıları üstələyən “Baku alovları” reytinqdə mövqeyini bir qədər möhkəmləndirdi.

“Baku Fires”  – “Caciques Venezuela” 5:0

49 kq. Cavid Dadaşov – Martinez Kordova
56 kq. Məhəmməd Qurbanov – Villaviçenzio Rodriges
64 kq. Heybətulla Hacəliyev – Arkon Dias
75 kq. Jaba Xositaşvili – Barrera Korbaj
91 kq. Əbdülqədir Abdullayev – Villi Kyakone

Xatırladaq ki, komandamız səfərdə “Caciques Venezuela” klubuna 2:3 hesabı ilə məğlub olub. Turnir cədvəlinə gəlincə, “Baku Fires” xalını 20-yə yüksəldərək (31-14),  2-ci yerə çıxıb. Qaydalara əsasən, ilk 4 pilləni tutan komandalar növbəti mərhələyə adlayacaq.

Cari çempionatda mübarizənin gərgin keçəcəyinə dəlalət edən səbəblərdən biri olimpiya oyunlarına lisenziyaların verilməsidir. WSB liqasından 17 boksçu mövsümün sonunda Rio Olimpiadasına vəsiqə qazanacaq. 49, 91 və +91 kq çəki dərəcələrində 1, digər çəkilərdə 2 rinq ustası “dördillik”də iştirak hüququna yiyələnəcək.

 

Həmin kateqoriyadan