Boks millimiz təlim-məşq toplanışını bərpa edib

Dünya çempionatını uğurla başa vuran boks üzrə milli komandamız bir müddətlik fasilədən sonra yenidən təlim-məşq toplanışına start verib. Allsport.az saytı xəbər verir ki, ABF-in mərkəzi bazasında hazırlıq planlaşdırılmış şəkildə davam etdirilir. Dohada keçirilən dünyanın ən güclülərinin yarışımda uğur qazanan idmançılarımız qarşıdan gələn Rio Yay Olimpiya Oyunlarının hazırlaşır.

Lisenziya xarakterli turnirlərə hazırlaşan boksçularımız, həm fiziki, həm də texniki çalışmalar edirlər. Yığmaya Rüfət Hüseynov (49 kq), Elvin Məmişzadə (52 kq), Cavid Çələbiyev, Tayfur Əliyev (hər ikisi – 56 kq), Albert Səlimov, Elvin İsayev (60 kq), Lorentso Sotomayor (64 kq), Pərviz Bağırov (69 kq), Kamran Şahsuvarlı (75 kq), Teymur Məmmədov (81 kq) və Abdulkadir Abdullayev (91 kq) cəlb olunublar.

Komandamızın lideri Məhəmmədrəsul Məcidov (+91 kq) artıq zədəsini sağaltmaq üzrədir. Komandamızın böyük məşqçisi Nəriman Abdullayev həm hazırlıq barədə, həm də qarşıdakı yarışlarla bağlı fikirlərini bildirib:

“Komandamız gərgin və uğurlarla keçən ili geridə qoymaq üzrədir. Bu il idmançılarımız həm Avropa Oyunlarında, həm dünya çempionatında inamlı çıxış edərək tarixi nəticələr qazandılar. Qarşıda bizi olimpiya oyunlarına lisenziya xarakterli turnirlər gözləyir. Bu yarışlar üçün hazırlıq prosesimizi davam etdiririk. Biz gücümüzü ortaya qoyub Rioda keçiriəcək olimpiya oyunlarına maksimum – 10 lisenziya ilə yollanmaq istəyirik”.

Qeyd edək ki, dekabrın 10-dan etibarən boks üzrə Mərakeş milli komandası paytaxtımızda idmançılarımızla birlikdə təlim-məşq toplanışına başlayacaq.

Həmin kateqoriyadan