Boks üzrə ölkə çempionatında 2-ci günün qalibləri açıqlandı

Boks üzrə Azərbaycan çempionatında ikinci gün geridə qalıb. Allsport.az xəbər verir ki, ikinci yarış günündə ümumilikdə 45 döyüş keçirilib.

56 kq çəki dərəcəsində mübarizə aparan “Baku Fires” klubunun üzvü Yaraş Məhəmmədov Ramiz Məmmədov üzərində qələbə qazanıb – 3:0. “Baku Fires”in bu çəkidəki digər nümayəndəsi Murad Rabadanov gərgin mübarizədə Tamerlan Muraşovu məğlub edib – 2:1. “Gilan” klubundan Elnur Şəfiyev Ramal Yusifzadəni mübarizədən kənarlaşdırıb – 3:0. 56 kq-da favoritlərdən olan Tural Əhmədov da yarışa qələbə ilə başlayıb.

60 kq çəki dərəcəsində çıxış edən Nəsrəddin Məmmədov (Baku Fires) zədələndiyindən İlkin Ağayevlə görüşü sonadək davam etdirə bilməyib və uduzub.

64 kq çəki dərəcəsində “Gilan”dan Xəzər Əliyev Xəyal Qafarovu texniki nokautla məğlub edib. Bu çəki dərəcəsində favoritlərdən olan Heybətulla Hacıəliyev də texniki nokautla qalib gəlib.

Tamerlan Abdullayev (69 kq) ölkə çempionatında ikinci qələbəsini qazanıb. Onun növbəti rəqibi “Gilan” klubundan Saqi Salehli olacaq.

75 kq çəki dərəcəsində Elvin Qəmbərov təcrubəli İsmət Eynullayevi məğlub edib.
“Baku Fires”in nümayəndəsi Nikolay Veselov Maqomedkadir Abdullayevi yenərək, yarışda ikinci qələbəsini qazanıb.

“Baku Fires”in 81 kq-dakı təmsilçisi Soltan Migitinov da növbəti mərhələyə vəsiqə qazanıb.

91 kq çəki dərəcəsində Haci Murtuzəliyev Azərbaycan çempionatında ilk qələbəsini əldə edib. Heydər Heydərov isə Bəhruz Cabbarovu texniki nokautla üstələyib.

Həmin kateqoriyadan