Boksçularımız ən çox lisenziya qazanan 11 ölkə sırasında

İtaliyanın Busto Arsizio şəhərində keçirilən boks üzrə I dünya olimpiya təsnifat turniri başa çatıb.

Allsport.az xəbər verir ki, 113 ölkədən 602 boksçu 9 gün ərzində Paris-2024 Yay Olimpiya Oyunlarına 49 lisenziya uğrunda mübarizə aparıblar.

Kişi boksçular 28, qadınlar 21 vəsiqənin sahibini müəyyənləşdiriblər. Azərbaycanın kişilərdən ibarət yığması İtaliyada uğurla çıxış edib.

51 kq çəkidə qüvvəsini sınayan Nicat Hüseynov bütün rəqiblərinə qalib gələrək Fransa paytaxtında iştirak hüququ qazanıb. O, boks millimizin Parisə lisenziya əldə edən 3-cü təmsilçisidir. Nicata qədər Murad Allahverdiyev (80 kq) və Məhəmməd Abdullayev (+92 kq) buna nail olub.

Busto Arsizioda keçirilən turnirdə kişilərin mübarizəsində yalnız 21 ölkənin kişi boksçuları lisenziya qazanmağı bacarıb. Azərbaycan yığmasının da yer aldığı “21-lik”dən yalnız Qazaxıstan və Özbəkistan birdən artıq vəsiqəyə sevinib.

Digər 19 yığma, o cümlədən Azərbaycan millisi bir lisenziya əldə edib. Bu 19 ölkə sırasında zəngin boks ənənələrinə malik Kuba və ABŞ da var. Meydan sahibləri – italiyalılar və qardaş ölkə Türkiyənin boksçuları da yalnız bir lisenziya ilə kifayətləniblər.

Nicat Busto Arsizioda uğur əldə edən yeganə qafqazlı idmançı olub. Azərbaycandan fərqli olaraq, nə Gürcüstan, nə də Ermənistan Parisə lisenziya qazanıb.

Ümumi siyahıda isə Azərbaycan 7-11-ci yerləri bölüşür. Yığmamızla yanaşı, ABŞ, Türkiyə, İtaliya və İrlandiya da 3 lisenziyaya sahibdir. Azərbaycan millisi Qafqazda da boksun lideridir. Gürcüstan cəmi 1 vəsiqə qazanıbsa, Ermənistan lisenziya əldə etməyib.

Qeyd edək ki, Paris-2024 Yay Olimpiya Oyunları iyulun 26-dan avqustun 11-dək keçiriləcək.

Busto Arsizioda lisenziya qazanan ölkələrin siyahısı

Ölkəlisenziya
Qazaxıstan5
Özbəkistan4
AZƏRBAYCAN1
İtaliya1
Kolumbiya1
Almaniya1
Böyük Britaniya1
Norveç1
Braziliya1
Bolqarıstan1
Kuba1
Fransa1
Macarıstan1
İrlandiya1
İordaniya1
Puerto Riko1
İspaniya1
Tacikistan1
Türkiyə1
ABŞ1
Venesuela1

Həmin kateqoriyadan