Daha 3 boksçumuz 1/4 finalda

Tbilisidə yeniyetmə boksçular arasında Avropa birinciliyi davam edir. Allsport.az xəbər verir ki, yarışın 4-cü günündə millimizin 5 üzvü rinqə çıxıb.

1/8 final mərhələsində baş tutan qarşılaşmada Fərhad Şeydayev (63 kq) Martin Rusnakla (Çex Respublikası) üz-üzə gəlib. Boksçumuz rəqibini 5:0 hesabı ilə məğlub edərək, mərhələ adlayıb. O, 1/4 finalda israilli Adham Kayoufla qarşılaşacaq.

Ziya Həsənovun (66 kq) da ilk görüşü uğurlu alınıb. Boksçumuz Valentin Volokova (Moldova) heç bir fürsət verməyib – 5:0. Həmyerlimiz 1/4 finalda Gürcüstanı təmsil edən Mehman Namazovla qarşılaşacaq.

Boksçularımızdan Eldar Əsədli (+80 kq) isə 1/8 finalda ilk raundda Bəyazit Atilir (Türkiyə) üzərində texniki qələbə qazanıb. Təmsilçimiz növbəti mərhələdə Aleksandr Zelinski (Ukrayna) ilə qarşılaşacaq.

Komanda yoldaşlarından fərqli olaraq Fuad Babayev (60 kq) və Lətif Həsənov (70 kq) məğlub olublar. Onlar müvafiq olaraq, Paulius Bublis (Litva) və Maksim Naumova (Ukrayna) uduzublar.

Bundan əvvəl yığmamızın üzvləri Kənan Babayev (48 kq) və Məhəmmədəli Qasımzadə (54 kq) də 1/4 finala yüksəliblər.

1/4 final mərhələsinin görüşləri iyulun 8-də, final görüşləri iyulun 11-də baş tutacaq.

Qitə birinciliyində 30 ölkədən 339 (224 oğlan, 115 qız) boksçu mübarizə aparır.

Həmin kateqoriyadan