“Davam” gənclər hərəkatı yarandı. Məşhur güləşçimiz idarə heyətinə üzv seçildi

Bu gün “Holidey İnn” mehmanxanasında “Davam” ümumrespublika gənclər hərəkatının təşəbbüs qrupunun KİV üçün brifinqi keçirildi. Allsport.az saytı xəbər verir ki, yeni yaradılmış təşkilata 8 üzv seçilib: Natiq Mehdiyev ölkəmizin suverenliyi uğrunda canını qurban verən şəhid və qazilərimizin, Nihad Allahyarlı ictimai-siyasi sahədə fəal olan gənclərimizin, Reyhan Camalova innovativ ideyalı startapçılarımızın, Sara Rəcəbli sosial sahibkarlıqla məşğul olan gənclərimizin, Rəsul Çunayev gənc idmançı və çempionlarımızın, Sabir Rüstəmov beynəlxalq arenada fəal olan gənclərimizin, Məhəmməd Türkmən gənc jurnalistlərimizin və Nərmin Knyazlı sosial mediada fəal olan gənclərimizin təmsilçisidirlər.

“Davam”ın əsas məqsədi ictimai-siyasi proseslərdə aktiv rol almaq, gənclər və idman siyasətinə yeni və fərqli layihələrlə töhfə vermək, şəbəkələşərək böyümək və ətrafına daha çox gənc toplamaqla ölkəmizdə aparılan islahatlar prosesinə fayda verməkdir. Qurumun ilk sədrinin Nihad Allahyarlı olacağı bildirildi. Ona bu vəzifə yekdil qərara əsasən həvalə olundu.

Sədr bildirdi ki, gəncliyin bütün enerjisi ilə həyata keçirilən bu haqq işində sona qədər prezident İlham Əliyevin yanındadırlar. “Davam” liderə dayaq və sipər olacaq. İşğaldan azad edilən bütün rayonlarımızda görüləcək quruculuqda sosial fəaliyyətə qədər hər sahədə könüllü olaraq Ali baş komandanın əmrindədir. Təkcə paytaxtda deyil, bütün bölgələrdə hərəkatın idarələri yaranacaq. “Qarabağ Azərbaycandır! İlhamla DAVAM!”

Həmin kateqoriyadan