- Baxış sayı: 36
- 19 Yanvar 2025 18:40
- Baxış sayı: 130
- Yanvar 19, 2025
- 0
Azərbaycan yığması Qətərdə 8 nəfərlik heyətlə təmsil olunacaq (75 kq-da Haybulla Musalovun çıxış etməyəcəyi əvvəlcədən məlum idisə, +91 çəki dərəcəsində Məhəmmədrəsul Məcidov zədə səbəbindən son anda Dohaya yola düşə bilmədi). Beləliklə, mötəbər turnirdə ölkəmizin şərəfini 49, 52, 56, 60, 64, 69, 81 və 91 kiloqram çəki dərəcələrində müvafiq olaraq Rüfət Hüseynov, Elvin Məmişzadə, Tayfur Əliyev, Albert Səlimov, Lorenzo Sotomayor, Pərviz Bağırov, Teymur Məmmədov və Abdulqadir Abdullayev qoruyacaq.
49, 52 və 81 kiloqramda 1-ci və 2-ci, 56, 60, 64, 69, 75-də 1-3-cü yerləri tutan idmançılar, 91 və 91+ çəki dərəcələrində isə yalnız qaliblər Olimpiadaya vəsiqə qazanacaqlar.
***
49 kiloqram çəki dərəcəsində 25 boksçu gücünü sınayacaq. Avropa çempionatının bürünc medalını qazanmaqla mundialda iştirak hüququ qazanan Rüfət Hüseynovu rusiyalı son Avropa çempionu Vasili Yeqorov, Avropa Oyunlarının bürünc mükafatçısı ukraynalı Dmitri Zamotayev, Hindistan təmsilçisi Devendro Sing, irlandiyalı Brendan İrvin və özbəkistanlı Həsənboy Dusmatov kimi təcrübəli rəqiblər gözləyir. Buna baxmayaraq, Yeniyetmələrin yay Olimpiya Oyunlarının qalibi olmuş gənc boksçumuzun onlarla başabaş mübarizə apararaq, mükafatçılar sırasına düşəcəyi istisna deyil.
***
Bu, gənc Pərviz Bağırovun karyerasında ikinci dünya çempionatıdır. “Bakı 2015″də ulduzu parlayan gənc boksçumuzun çəki dərəcəsi keçən mundialdan daha gərgin rəqabət vəd edir. 27 nəfərin mübarizəsində təmsilçimizə olimpiya və dünya çempionu Roniel İqlesias və son dünya çempionu Daniyar Yeluissinovla yanaşı, ukraynalı Samofalov və avqustda Samokovda keçirilən Avropa çempionatının qalibi, Litva boksçusu Stanionisi də təhlükəli rəqib kimi qələmə vermək olar.
***
Yığmamızın liderlərindən olan Teymur Məmmədov üçüncü mundial mübarizəsinə çıxacaq. Bundan öncə iki dəfə mükafatçılar sırasına düşən(2011-ci ildə ikinci, iki il sonra isə üçüncü olub) olimpiya üçüncümüz üçün bu dünya çempionatı yeni çəki dərəcəsində iştirakla əlamətdar olacaq. Maraqlısı budur ki, o, adət etdiyimiz kimi daha yuxarı deyil, aşağı çəkidə mübarizə aparacaq. Avropa Oyunlarında 81 kiloqramda debüt edərək qızıl medal qazanan Məmmədov 27 nəfərin çıxış edəcəyi çəkinin reytinq favoritlərindən hesab olunur. Ona ciddi rəqib olaraq yalnız son iki dünya çempionatının qalibi Xulio Sezar La Kruzla (Kuba), vitse-olimpiya və dünya çempionu, qazaxıstanlı Adilbek Niyazimbetovu göstərmək olar.
***
Abdulqadir Abdullayev ilk dəfə olaraq dünya çempionatında iştirak edəcək. Avropa Oyunlarında ümidləri artıqlamasıyla doğruldaraq qızıl medal qazanan dağıstanlı legioner Olimpiadaya lisenziyanı təmin etmək üçün yalnız birinci olmalıdır. Onun buna nə dərəcədə nail olacağı böyük maraq doğurur. Aleksandr Usik və Klemente Russosuz keçəcək mübarizədə təmsilçimizlə birlikdə favorit olaraq rusiyalı dünya ikincisi və Avropa çempionu Yevgeni Tişenko, Belarus təmsilçisi, Teymur Məmmədovla görüşlərdən yaxşı tanıdığımız Sergey Karneyu və son dünya çempionatının bürünc mükafatçısı, argentinalı Alberto Peralta ilə kubalı Erislandi Savonun adlarını çəkmək olar.
***
Qeyd edək ki, boksçularımız son iki mundialda ilk üçlüyü qapayıb. Yığma 2011-ci ildə paytaxtımızda keçirilən lisenziya xarakterli turnirdə 1 qızıl və 1 gümüş medalla Kuba və Ukraynanı önə buraxıb. 2013-cü ildə isə medalların say və əyyarını daha da artıran (2 qızıl, 1 bürünc) millimiz ev sahibi Qazaxıstan və “Azadlıq adası” təmsilçilərindən geri qalıb.
Sahib ƏSƏDBƏYLİ (adalet.az)