- Baxış sayı: 30
- 24 Noyabr 2024 13:26
- Baxış sayı: 98
- Noyabr 21, 2024
- 0
“Futbol+” qəzetinin kollektivi prezident İlham Əliyevə müraciət edib.
Azərbaycan RespublikasınınPrezidenti İlham Əliyev cənablarına
Hörmətli cənab Prezident!
Məlumat üçün bildiririk ki, ilk sayı 1997-ci il oktyabrın 21-də işıq üzü görən “Futbol+” qəzeti son 22 ildə müntəzəm nəşr olunan, fəaliyyətinə bir gün də fasilə verməyən, ölkənin idman uğurlarının təbliğinə, oxucu kütlələrinin maariflənməsinə xidmət edən yeganə gündəlik idman nəşridi. Həm də nəinki Azərbaycanda, bütün postsovet məkanında həftədə ən azı 5 dəfə işıq üzü görən üç idman qəzetindən biridi. Bu müddətdə qəzetin işi dəfələrlə ən yüksək səviyyədə təqdir olunub, Azərbaycan Gənclər və İdman Nazirliyi, Azərbaycan İdman Jurnalistləri Assosiasiyası bir neçə dəfə “Futbol+”i “ilin idman qəzeti” elan edib.
Böyük məmnunluq hissi ilə bildiririk ki, məhz qəzetin yetişdirdiyi yüzlərlə kadr ötən müddətdə həm jurnalistikada, həm də idman strukturlarında özünə yer edib, mövqe qazanıb. Ötən 22 ildə qəzet əsasən satışdan gələn pul hesabına ayaqda qalmağı, işçilərinin güzəranını təmin etməyi bacarıb. 2013-cü ilin yanvarından isə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun layihələrində də müntəzəm iştirak edirik. Düzdü, “Futbol+” daim Fonddan ən az yardım alan gündəlik qəzet olub, bununla belə, qəzetin yaşaması naminə biz bu jesti yüksək qiymətləndirir, şəxsən Sizə təşəkkür edirik.
Hörmətli cənab Prezident!
Yanvarın 31-də KİVDF bu ilin ikinci rübü üçün qəzetlərin layihələrinin maliyyələşdirilməsi ilə bağlı elan açıqlayıb və nədənsə müsabiqəyə yalnız ictimai-siyasi nəşrlərin buraxılacağını bildirib. Bu məqam bizi, yəni bu qəzetdə çalışanları, eləcə də oxucularımızı ciddi narahat edir. Niyə yalnız ictimai-siyasi qəzetlər? Məgər bu ölkəyə idman qəzeti, Azərbaycanın idman uğurlarının təbliği lazım deyil? Sizin ölkə idmanının inkişafı, idmançıların sosial rifah halının yaxşılaşdırılması naminə necə böyük işlər gördüyünüzdən bu ölkədə hər kəs xəbərdardı. Bəs onda ölkənin idman təsərrüfatında yaşananlar oxuculara obyektiv, operativ şəkildə təqdim olunmamalıdı?
Siz Azərbaycanı idman ölkəsinə çevirmək yolunda inadla çalışırsız, amma belə çıxır ki, məmurlar yeganə gündəlik idman qəzetinin məhvində maraqlıdılar. Bizə elə gəlir ki, idman ölkəsində gündəlik idman qəzetinin yoxluğu ilk növbədə Sizin imicinizə ziyandı, çünki Fondun varlığı Sizin təşəbbüsünüzdü. Məmurlar Sizə qarşı əhalidə narazılıq oyatmağa çalışır, axı yuxarıda qeyd edildiyi kimi, Fond Azərbaycan Prezidentinin adı ilə bağlıdı.
Odu ki, KİVDF-nin son müsabiqə elanında idman nəşrlərinin layihələrinin maliyyələşməsi ilə bağlı qadağanın aradan qaldırılmasında bizə yardım etməyinizi, ümumiyyətlə, “Futbol+”in taleyinə həssas yanaşmağı Sizdən vətəndaş və jurnalist kollektivi olaraq xahiş edirik.
Hörmətlə,”Futbol+” qəzetinin kollektivi