HESABAT
İdman jurnalistləri federasiyasının 1 il ərzində gördüyü işlər

Dünən Azərbaycan idman jurnalistləri federasiyasının fəaliyyətə başlamasının bir ili tamam olur. Allsport.az saytı xəbər verir ki, AİJF ötən bir il ərzində bir sıra tədbir, görüşlər, eləcə də idman yarışları təşkil edib. Ötən il yanvarın 9-da AİJF idarə heyətinin ilk iclası olub. Bir gün sonra qurumun və AİJF rəsmi saytının (www.sportsmedia.az) təqdimatı olub.

Ardınca, il ərzində AİJF aşağıdakı fəaliyyəti ilə yadda qalıb:

18 fevral 2020 – Bakı şəhər gənclər və idman baş idarəsi ilə əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb.

20 fevral 2020 – “Park bulvar” otelində, 100-dən çox media nümayəndəsinin iştirakı ilə idman jurnalistlərinin ilk respublika toplantısı keçirilib.

24 fevral 2020 – Mmilli karate federasiyası ilə əməkdaşlıq haqqında memorandum imzalanıb.

3 mart 2020 – Kiberidman federasiyası ilə birlikdə idman jurnalistləri arasında PES2020 üzrə Azərbaycan çempionatı təşkil edilib.

6 mart 2020 – 8 Mart – beynəlxalq qadınlar günü münasibətilə ölkənin bütün KİV-lərinin xanım idman jurnalistləri ilə görüş keçirilib və onlara hədiyyələr təqdim edilib.

19 mart 2020 – Koronavirusa qarşı mübarizə məqsədilə, AİJF-nin sosial təbliğat videoçarxı hazırlanaraq telekanallarda nümayiş etdirilib.

22 mart 2020 – Koronavirusa qarşı mübarizə məqsədilə, AİJF-nin gənclər və idman nazirliyi ilə birgə hazırladığı ikinci videoçarxın təqdimatı olub.

8 aprel 2020 – İdman mediasının vergi və DSMF ödənişlərindən azad edilməsi ilə bağlı AİJF hökumətə rəsmi məktubla müraciət edib.

15 aprel 2020 – AİJF üzvləri 1-ci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə keçirilən qanvermə aksiyasına qoşulublar. Aksiyaya görə ona təşəkkür etdiyi təşkilatlar arasında AİJF də yer alıb.

12 may 2020 – Milli antidopinq agentliyi (AMADA) ilə birlikdə dopinqlə mübarizəyə aid KİV nümayəndələri arasında vebinar təşkil edilib.

08 iyul 2020 – Azərbaycan prezidenti İlham Əliyevə Azərbaycan milli mətbuatın 145-illik yubileyinin keçirilməsi ilə bağlı sərəncamına görə təşəkkür məktubu göndərilib.

20 iyul 2020 – Mətbuat günü münasibətilə, veteran idman jurnalistləri ziyarət edilib, onlara ərzaq sovqatı paylanılıb.

21 iyul 2020 – AİJF idman jurnalistləri arasında görkəmli idman jurnalisti Mirpaşa Miriyevin 100 illik yubileyi münasibətilə yazı müsabiqəsinə yekun vurub və qalibləri mükafatlandırıb.

7 sentyabr 2020 – AİJF-nin ilk nəşri – görkəmli idman yazarı, Əməkdar jurnalist mərhum Mirpaşa Miriyevin anadan olmasının 100-illiyinə həsr edilən “Redaktor” kitabı gənclər və idman nazirliyinin dəstəyi ilə çap etdirilib.

25 sentyabr 2020 – Azərbaycan dövlət bədən tərbiyəsi və idman akademiyasının (ADBTİA) ilə birlikdə Azərbaycanın “Sidney-2000” olimpiadasındakı iştirakının 20 illiyi münasibətilə videokonfrans keçirilib, olimpiyaçılara xatirə hədiyyələri göndərilib.

30 oktyabr 2020 – Rusiyanın “Matç TV” idman kanalının Azərbaycanın Ağdam şəhərini təmsil edən “Qarabağ” futbol klubunun Avropa liqasındakı oyunlarının yayımlanmasına qadağa qoyması ilə bağlı AİJF Rusiya idman jurnalistləri federasiyasına rəsmi etiraz məktubu ilə müraciət edib.

23 noyabr 2020 – Milli antidopinq agentliyi (AMADA) ilə birgə, 2021-ci il Ümumdünya antidopinq məcəlləsində qüvvəyə minəcək dəyişikliklər və yeniliklərlə bağlı vebinar keçirib.

27 noyabr 2020 – “Qarabağ” futbol klubunun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimovla bağlı Beynəlxalq idman mətbuatı assosiasiyası (AIPS), AIPS Avropa və UEFA-ya ölkəmizin idman jurnalistləri adından məktub göndərib.

4 dekabr 2020 – Azərbaycana qarşı müharibədə iştirak etmiş erməni idmançılarının siyahısını beynəlxalq idman təşkilatlarına, eləcə də, AİPS-ə göndərib.

16 dekabr 2020 – AİJF prezidenti Qabil Mehdiyev Azərbaycan prezidenti yanında KİV-in inkişafına dövlət dəstəyi fondunun icraçı direktoru Əhməd İsmayılov ilə görüşüb, idman mediasının problemləri, eləcə də idman mediasına dövlət dəstəyi məsələləri müzakirə edilib.

30 dekabr 2020 – 2-ci Vətən müharibəsində yaralanmış idman jurnalisti, qazi Daşqın Əzizovla görüş keçirilib, ona “İdman mediasının fəxri” mükafatı və xatirə hədiyyəsi təqdim edilib.

9 yanvar 2021 – 2-ci Qarabağ savaşında iştirak etmiş bir sıra idman jurnalistləri ilə görüş keçirilib. Onlara AİJF tərəfindən “İdman mediasının fəxri” mükafatı və xatirə hədiyyələri təqdim edilib.

İl ərzində – AİJF-yə üzvlər qəbul edilib və onların bir çoxuna təşkilatın üzvlük vəsiqələri hazırlanaraq təqdim edilib.

Həmin kateqoriyadan