- Baxış sayı: 38
- 22 Noyabr 2024 12:25
- Baxış sayı: 90
- Noyabr 21, 2024
- 0
27 sentyabr – Anım günündə gənclər və idman naziri Fərid Qayıbov və nazirliyin əməkdaşları Bakıda inşası davam etdirilən Zəfər parkında olublar. Allsport.az saytı xəbər verir ki, girişdə xatirə daşının önünə gül dəstələri qoyulub, Vətən uğrunda canından keçmiş qəhrəman şəhidlərimizin əziz xatirəsi yad edilib. Bununla bağlı GİN öz rəsmi hesablarında paylaşım edib. Şəkillərdə rəhbər şəxslər arasında tək nazir müavini Mariana Vasilyevaya gözə dəyməyib.
Əldə etdiyimiz məlumata görə, bolqar məmur Türkiyədə olub və Azərbaycana bu gün dönüb. Onun hansı məqsədlə səfər etdiyi barədə rəsmi bilgiyə nə nazirliyin, nə də bağlı olduğu gimnastika federasiyasının qaynaqlarında rast gəlinir. Nəzərinizə çatdıraq ki, sözü gedən vəzifəli şəxs bu ilin fevralının 26-da Xocalı soyrımı qurbanlarının xatirəsinə ucalan “Ana harayı” abidəsini də ziyarət etməmişdi.
Həmin günlər o ölkədəydi: “İdman həftəsi” çərçivəsində keçirilən “Təmiz şəhər” layihəsində, gənclər və idman nazirliyinin, o cümlədən federasiyaların və digər idman qurumlarının nümayəndələrinin iştirakı ilə Bakının Hövsan qəsəbəsində dəniz kənarında aksiyaya qatılmışdı. Bununla bağlı onun öz sosial hesablarında paylaşım da var.
Araşdırmamız nəticəsində məlum olub ki, sonuncu dəfə o, 22-24 sentyabrda paytaxtda keçirilən cüdo üzrə “Böyük dəbilqə”də görüntülənib. 49 yaşlı tarqovişteli mütəxəssis yarışın ilk günündə mükafatlanmaya qatılıb. 48 kq-da 2-ci yer tutan Leyla Əliyevanın boynundan gümüş medal asıb. Ondan sonra onu “gördüm” deyən olmayıb. Ta ki, ötən ay qitə və dünya çempionatlarında, nüfuzlu beynəlxalq yarışlarda ölkəmizi uğurla təmsil etmiş Azərbaycan idmançıları və onların məşqçiləri ilə bu gün idman akademiyasında təşkil olunan görüşədək…