- Baxış sayı: 40
- 16 Yanvar 2025 15:26
- Baxış sayı: 404
- Yanvar 15, 2025
- 0
Yanvarın 16-da Qəbələdə “İdman Paytaxtı 2025” layihəsinin açılış mərasimi keçirilib.
Allsport.az xəbər verir ki, tədbirdən öncə Qəbələ şəhərində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə gül dəstələri qoyulub.
Mərasimdə idman növlərinin paradından sonra Azərbaycan Dövlət Himni səsləndirilib. Təyyarə qəzasında həlak olanların və Azərbaycan respublikasının ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Quba rayon icra hakimiyyəti başçısının müavini Səidə Abbasova, Qəbələ rayon icra hakimiyyəti başçısının müavini Ətayə Osmanova, gənclər və idman naziri Fərid Qayıbov çıxış ediblər.
Ardınca “İdman Paytaxtı”nın rəmzi açarı Qubadan alınaraq Qəbələyə təqdim olunub.
Sonra “İdman Paytaxtı 2025”in maskotu ictimaiyyətə təqdim olunub. Daha sonra bölgə idmançıları haqqında videoçarx nümayiş olunub. “İdman səfirləri” – Aliyə Paşayeva, Xəyyam Orucov, İlqar Qurbanov, Orxan Səfərov çıxış ediblər.
Taekvondo, gimnastika, cüdo, futbol, güləş, stolüstü tennis, şahmat, boks, MMA, basketbol və digər idman növlərinin nümayişi iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.
Sonda loqo və şüar müsabiqəsinin qalibləri – Aynurə Qurbanova və Fərid Əliyev mükafatlandırılıb. Mükafatları “İdman səfirləri” Aliyə Paşayeva və Orxan Səfərov təqdim ediblər.
Tədbir gənc müğənni Mərdan Kazımovun ifasında musiqi nömrələri ilə davam edib.