“İdman” qəzetinin əməkdar jurnalisti 75-illik yubileyini qeyd edib

Tanınmış idman jurnalisti Oqtay Bayramovun 75 yaşı tamam olub. Allsport.az saytı xəbər verir ki, Oqtay Nəsib oğlu Bayramov 1945-ci il yanvarın 2-də Qazaxda anadan olub. 1968-ci ildə Azərbaycan pedaqoji xarici dillər institutunun ispan dili şöbəsini bitirib.

1966-1967-ci illərdə Kuba respublikasında tərcüməçi işləyib. 1968-ci ildən 1995-ci ilədək “İdman” (“Sport”) qəzetində müxtəlif vəzifələrdə çalışıb. 1974-1992-cü illərdə redaktor müavini, 1992-1995-ci illərdə baş redaktorun birinci müavini olub. 1995-ci ilin noyabr ayından “Xalq qəzeti”ndə çalışır.

1980-1986-cı illərdə Yuqoslaviya, Çexoslavakiya, Macarıstan və Meksikada basketbol, həndbol və futbol üzrə Avropa və dünya çempionatlarının, 1993-cü ildə Niderlandda gənclərin Avropa olimpiya həftəsini birbaşa yarış meydanından işıqlandırıb.

Azərbaycan idmanının təbliğində və inkişafında xidmətlərinə görə respublikanın əməkdar jurnalisti, fəxri bədən tərbiyəsi və idman işçisi adlarına layiq görülüb. Həsən bəy Zərdabi mükafatı laureatıdır.

Həmin kateqoriyadan