LAYİHƏ
İLKindən başla, Muradına çat, Nigarına qovuş, Təbrizlə ol!

Fevralın 9-da dünya Azərbaycanlılarının diqqəti Vətəndə, Milli Məclisə keçiriləcək növbədənkənar seçkilərdə olacaq. Allsport.az saytının məlumatına görə, 102 yaşlı parlamentdə yer almaq istəyənlər arasında bu dəfə idman KİV-i də var.

54 saylı Şabran-Siyəzən seçki dairəsindən namizəd sportinfo.az-ın şef-redaktoru İlkin Fikrət oğlu Xəlilovdur. O, 1978-ci ilin 15 noyabrında Şabran rayonunun Aygünlü kəndində ziyalı ailəsində dünyaya gəlib. Azərbaycan universitetinin hüquq fakültəsini bitirib. Jurnalistikada ilk addımını «Futbol+» qəzetində atıb. Sonralar «Xalq Cəbhəsi», «Yeni Yüzil» və «525-ci» nəşrlərində çalışıb. Təcrübəli reportyor hazırda ATV telekanalı idman şöbəsində müdir vəzifəsində də fəaliyyət göstərir. O, idman KİV-ində dürünstlüyü, bacarıqlılığı, mərdliyi və cəsarətliliyi ilə seçilən həmkarlardandır. İlkin, həm də, idman mediasında yumor hissi güclü olan jurnalist kimi də fərqlənir.

Milli olimpiya komitəsinin rəsmi orqanı «Olimpiya dünyası»nın baş redaktoru Murad Qoçu oğlu Fərzəliyev 79 saylı İmişli seçki dairəsindən deputatlığa iddialıdır. O, 1963-cü il 22 avqustda İmişli rayonunda ziyalı ailəsində anadan olub. Məhəmməd Əmin Rəsulzadə adına Bakı dövlət universitetinin jurnalistika fakültəsini, Azərbaycan dövlət bədən tərbiyəsi və idman akademiyasını fərqlənmə diplomu ilə bitirib. O, doğma rayonunda 1993-cü ildən 2001-ci ilədək «Xalq sözü» qəzetinin baş redaktoru olub. Murad Fərzəliyev ölkə başçısı İlham Əliyevin sərancamı ilə 2007-ci ildə «Əməkdar jurnalist» fəxri adına layiq görülüb.

İmişli komsomol komitəsində ikinci katib, rayon icra hakimiyyətində təlimatçı, şəhər sovetinin deputatı, gənclərlə iş komissiyasının sədri seçilib. «Şücaət» hərbi-vətənpərvərlik klubunun təsisçisi və rəhbəri, sovet dövründə Əfqanıstanda döyüşən azərbaycanlı əsgərlərə həsr olunmuş «Onlar bizimlə yaşıd idi…» xüsusi buraxılışının müəllifi olması onun yüksək bacarığa malik olmasından xəbər verir. Təcrübəli həmkarımız hazırda «Olimpə doğru» jurnalına və «Olimpnews.az» saytına da rəhbərlik edir.

Bakı şəhər halqasının marketinq və kommunikasiya şöbəsinin rəhbəri və Azərbaycan qran-prisinin milli mətbuat katibi Nigar Cavid qızı Arpadarai paytaxtın Səbail rayonu 29 saylı seçki dairəsindən namizədliyini irəli sürüb. O, 17 yanvar 1982- ci ildə Bakı şəhərində rəssam ailəsində anadan olub.

Bakı dövlət universitetinin beynəlxalq münasibətlər və beynəlxalq hüquq fakültələrinin məzunudur. Magistraturada təhsil aldığı müddətdə Yunanıstanın Azərbaycandakı səfirliyində təcrübə keçib.
2006-2009-cu illərdə Avropa komissiyasının Azərbaycan nümayəndəliyində çalışaraq, 2006-2008-ci illər ərzində xüsusi elçinin köməkçisi, 2008-2009-cu illər ərzində isə qurumda mətbuat və məlumat üzrə mütəxəssis kimi fəaliyyət göstərib.
2009-2015- illər ərzində «Azerfon» şirkətində müxtəlif vəzifələrdə çalışıb.

Report.az saytının əməkdaşı Təbriz Quluyev 142 saylı Şuşa-Ağdam Xocalı-Xocavənd seçki dairəsindən iddiasını ortaya qoyub. Gənc həmkarımız 21 noyabr 1994-cü ildə Bakıda anadan olub. Əslən Şuşanın Malıbəyli kəndindəndir. Bakı slavyan univesitetini bitirib. Daha öncə sportal.az saytında işləyib.

Müstəqillik qazandıqdan sonra ölkəmiz, yeni addımlar atan hər bir ölkə kimi, bir çox sahələrdə özünü tanıtmağa ehtiyac duyurdu. Sözsüz ki, bu mənada idmanın və onun tərənnümçülük xüsusiyyətlərinin rolu danılmazdır. Təbii, bunun üçün, ilk növbədə, ölkənin simasına çevrilən bacarıqlı insanlara dəstək verilməsi vacibdir. Ümid edirik ki, «Media ittifaqı» seçiciləyi halda, mətbuat və idmanda olan çatışmamazlıqların hər birinin Milli Məclisin plenar iclaslarında səsləndirəcəyini, bunların həll olunması üçün əlindən gələni əsirgəməyəcəklər.

Həmin kateqoriyadan