Matra Abbasova: “Azəryol” üzərində qələbə çempionluq imkanlarımızı daha artırdı

Qadın həndbolçuların superliqasının 14-cü turunun mərkəzi görüşü “Azərsu” və “Azəryol” komandaları arasında keçirilib. Yarış cədvəlinin ilk yerində qərarlaşan debütant yaxın izləyicisini 2 xal qabaqlayırdı. Vitse-çempion fərqi artırmamaq üçün mütləq qalib gəlməliydi. Amma düzgün taktika seçən “Azərsu” rəqibinə 38:26 qalib gələrək qızıl medal uğrunda növbəti addım atdı. Komandanın xətlərarası həndbolçusu Matra Abbasova qarşılaşmadan sonra allsport.az saytına müsahibəsi verib:

– “Azəryol” üzərində vacib qələbə qazandınız. Oyunda fərqlənsəniz də, bir neçə dəfə həlledici qol ötürməsi etdiniz.

– Düzü, görüşün böyük fərqlə bitəcəyini gözləmirdik. Fikirləşirdik ki, matç başqa məcrada gedəcək. Bizə “Azəryol”la oynamaq həmişə ağır olur. Bu üzdən, qələbə çempionluq imkanlarımızı daha artırdı.

– Maraqlıdır ki, uzun müddət əvvəllər ABU adlanan bu klubda çıxış etmisiniz.

– Bəli. Amma yayda komandamı dəyişmək məcburuyyətində qaldım. İlk öncə, bir az qorxdum. Necə olsa, başqa kollektivdir. Bilmirsən, nə gözləyəsən. Amma indi sevinirəm ki, bu seçimi etmişəm. Komandada yaxşı yoldaşlar tapdım, həyat üçün yaxşı rəfiqələr qazandım.

– Yəqin, elə ilk mövsümdə çempionluğa oynayacağınızı da gözləmirdiz?

– Sözsüz. Heyət yayda formalaşıb. Öncədən nə olacağını ehtimal etmək çətindir. Ancaq məhz bu komandada, bu qızlarla və bu məşqçi (Sergey Petroviçi nəzərdə tutur) ilə olmağıma şadam.

 

Həmin kateqoriyadan