Mirbağır İsayev: “Anton Krivotçuku tanısaydım, yığmaya dəvət etməzdim”

17 yaşadək futbolçulardan ibarət millimiz fevralın 11-dən 21-nə kimi “Əlincə” Futbol Klubunun təlim-məşq bazasında Avropa çempionatının elit mərhələsinə hazırlıq keçdi. Allsport.az xəbər verir ki, toplanış müddətində yığmamız Rusiya ilə həm “Əlincə” stadionunda (1:2), həm də “Bakcell Arena”da qarşılaşdı (2:4). “Əlincə”nin rəsmi saytı millinin baş məşqçisi Mirbağır İsayevdən müsahibə götürüb. Həmin müsahibəni təqdim edirik.

– Öncə toplanışı ümumi olaraq dəyərləndirərdiniz?
– Birinci yoxlama görüşlərindən başlayaq. Çünki bütün hazırlıqlar da keçirəcəyimiz oyunlara görə idi. İstər yoxlama, istərsə də rəsmi matç olsun. Hər oyun üçün ayrıca fiziki və taktiki-texniki hazırlığa baxmalıyıq, oyundakı hesaba yox. Ancaq bu, o demək deyil ki, biz meydana məğlub olmaq üçün çıxırıq. Əsas məqsəd qələbədir. Bununla belə, yerdə qalan futbolçulara da oynamaq şansı verilməlidir.

– Əsas heyətin 5 futbolçusu hazırlığa qatılmamışdı…
– Bu yaşda əsas heyətə oturuşmuş futbolçudan 1-2-si olmayanda istədiyin alınmır. Ziya Əzizov məktəb probleminə görə hazırlığa qatılmadı. Əvəzində Murtuzəli Abakarovun xidmətindən yararlandıq. Hansı ki, elit mərhələyə çıxarkən bu futbolçu heyətdə yox idi. Dayaq yarımmüdafiəçisi Kazım Birkan sərəncamımda olmadı. Kənan Zülfüqarov isə ağrılar səbəbilə oyunlara çıxa bilmədi. Üstəlik, əsas futbolçularımızdan sağ cinah müdafiəçisi Ruslan Bədiovu üzrlü səbəbdən toplanışa cəlb edə bilmədim. Əvəzində Ziya Mirzəyevi yoxladıq, effektini gördük. Rusiya ilə ilk oyunda Hacıağa Hacıyevi əvəzetmədən meydana buraxdıq, oyunu canlandırdı. Hücum xəttində isə Famil Camalov özünü yaxşı tərəfdən göstərdi. Rusiya ilə son yoxlama oyununda 2 qol vurdu, 2 qol şansını isə dəyərləndirə bilmədi. Əsas odur, yaradılan epizodların yekun nəticəsi oldu. Verilən tapşırığı yerinə yetirdi. Artıq ön xətdə Qara ilə yanaşı, Familimiz də var.

– Artıq elit mərhələnin görüşlərinə də az vaxt qalıb. Heyətdə yeni adlar olacaq?
– Bəli, bir aydan da az vaxt qalıb. Rusiya ilə hər iki yoxlama oyunu elit mərhələyə hazırlığımızı şərtləndirdi. Yeni adlardan Anton Krivotçuk Rusiya ilə görüşdə ən pis oyununu göstərdi. Mən onu bu cür tanısaydım, yığmaya dəvət etməzdim. Antonun güclü potensialı var. Gələcəkdə onun faydalı olacağını düşünürəm. Bildiyiniz kimi, elit mərhələdən 1 gün öncə 18 futbolçu sifariş verilir. Ümumi 23 nəfərlik heyətdən 5-i kənarda qalacaq.

– Komanda elit mərhələyə neçə faiz hazırdır?
– Oyunlar göstərdi ki, heyətdə bir az boşluq var. Amma bu toplanış müxtəlif klublardan gəlmiş futbolçulara baxış xarakteri daşıyırdı. Çünki rəsmi matçlarla bu cür qarşılaşmaların fərqi böyükdür.

– Amma rəqiblər də kifayət qədər güclüdür. Xorvatiya, Portuqaliya və Serbiya…
– Mən heç nədən qorxmuram. Çalışacağıq bu sınaqdan da üzüağ çıxaq.

– Toplanışda iştirak edən “Əlincə”nin 3 futbolçusu – Qara Qarayev, Xaliq İbrahimov və Tural Bayramlının hazırlığı haqda nə deyərdiniz?
– Onlardan Antalyada mən Xaliqə böyük ümidlər bəsləyirdim. İndi də etimadım var. Fərdi söhbətimiz də olub. İclasda bu haqda ayrıca danışacağıq.

– “Əlincə” Futbol Klubunun bazasında milliyə yaradılan şərait haqda da fikirlərinizi bölüşmək maraqlı olardı.
– Hamı bilir ki, U-17 Avropa çempionatının elit-raunduna hazırlaşır. Bunun nə demək olduğunu yaxşı bilirsiniz. Belədə bu bazanın seçilməsi də təsadüfi deyil. Yəni burda hər şey futbol adına ölçülüb. Təbii örtüklü meydançalar, sırf komanda üçün otel. Bütün bunlara görə, “Əlincə” Futbol Klubunun prezidenti Hacı Məhərrəm Novruzova öz adımdan, milli adından, AFFA adından öz təşəkkürümü çatdırıram. Yəni burda milliyə qürur mənbəyi kimi yanaşdılar. Futbol adına bu, məni çox sevindirdi.

Həmin kateqoriyadan