Nicat Həsənov: Olimpiya oyunlarında hədəfim qızıl medaldır

“Təlim-məşq toplanışımız davam edir. Hər şey yüksək səviyyədədir. İnanıram ki, nəticə verəcəyik”. Allsport.az saytı xəbər verir ki, bunu gənc boksçulardan ibarət millinin üzvü Nicat Həsənov deyib. Avropa birinciliyinin gümüş medalçısı hazırlığın yüksək səviyyədə keçdiyini və bunun bəhrəsini yeniyetmələrin olimpiadasında görəcəklərinə inam ifadə edib:

“Çempionluq üçün məşq edirik. Bütün gücümüzlə çalışırıq ki, yarışda bizə asan olsun. Rəqiblərin hamısı haqda tam məlumatlı deyiləm. Amma tanıdıqlarım da var. Onların hansı formada olduğu ciddi fərq etməyəcək. Hamımız eyni səviyyədəyik. Hər şeyi rinq göstərəcək”.

Buenos Ayresdə 69 kq-da mübarizə aparacaq idmançı Avropa birinciliyindən sonra dünya çempionatını medalsız bitirib. Boksçumuz bildirib ki, bunu oyunlarda sığortalamağı planlaşdırır: “Püşkdən çox şey asılı olacaq. Lakin mənim üçün fərq etməyəcək. Ən güclü rəqiblərlə düşsəm belə, rinqə qələbə üçün çıxacam. Dünya birinciliyində medal qazana bilmədim. Bunun əvəzini olimpiadada çıxmağa çalışacam. Məqsədim çempionluqdur”.

Qeyd edək ki, yeniyetmələrin 3-cü olimpiya oyunlarında iştirak edəcək 17 nəfərlik heyətdən ikisi boksçudur.

Həmin kateqoriyadan