Ölkə birinciliyi start götürüb

Gənc boksçular arasında Azərbaycan birinciliyinin açılış mərasimi keçirilib.

Allsport.az xəbər verir ki, tədbirdə çıxış edən Azərbaycan boks federasiyasının vitse-prezidenti Vüsal Nəsirli döyüşlərin gərgin və ədalətli keçəcəyinə inandığını bildirib: “Bu günün gənc boksçuları ölkə idmanın sabahıdır. Burada özünü göstərəcək boksçuların Los-Anceles-2028 yay olimpiya oyunlarına yollanmaq şansı da yarana bilər. Bu səbəbdən də hər bir görüş böyük əhəmiyyət kəsb etməlidir”.

Nəsirli ötən il gənc boksçularımızın uğurlu çıxış etdiklərini, Avropa birinciliyində 2 qızıl, dünya birinciliyində 2 gümüş və 3 bürünc medalla yeni rekordlar vurduqlarını xatırladıb. O, bu uğurların ardının gələcəyinə də inam ifadə edib: “Sizin Azərbaycanı beynəlxalq yarışlarda layiqincə təmsil etməyiniz üçün dövlətimiz tərəfindən vacib olan hər bir şərait yaradılıb, maddi-texniki baza gücləndirilir. Qələbələri sıralamaq üçün səylə çalışmalı, məşqlərdə, yarışlarda özünüzü yaxşı tərəfdən göstərməlisiz. Çempionluq yolunda hər birinizə uğurlar arzulayıram”.

Gənclər və idman nazirliyinin olimpiya və paralimpiya idman növləri sektorunun müdiri Aydın Məmmədov isə birinciliyin əhəmiyyətindən danışıb, yarış iştirakçılarına uğurlar arzulayıb.

Boks mərkəzində keçirilən yarışda oğlanlarda 13, qızlarda 2 çəki dərəcəsi üzrə mükafatçılar müəyyənləşəcək. Həmçinin qızlar arasında ABF-in seçmə turniri çərçivəsində 6 çəkidə ən güclülər dəqiqləşəcək. Birinciliyə respublikanın müxtəlif şəhər və rayonlarının klublarını, həmçinin idman cəmiyyətlərini təmsil edən 64 komandanın 304 boksçusu qatılıb. Döyüşləri yerli hakimlərlə yanaşı, xarici referilər də idarə edilər.

Yarışda qaliblərin adına yanvarın 19-da aydınlıq gələcək.

Həmin kateqoriyadan