“Paris olimpiadasında məqsədimiz 2 qızıl medal qazanmaqdır”

Boks üzrə dünya çempionatı Azərbaycan millisi üçün uğurlu alındı. Azərbaycan boks federasiyasının yaratdığı şərait boksçularımızın inamlı çıxışında böyük rol oynayıb: “Yarışda rəqabət çox güclü idi. Dünya çempionatında 88 ölkədən 500-dən çox boksçu iştirak edirdi. Turnirdə hər idmançı 5 və ya 6 görüş keçirməli idi. Keçirdiyimiz gərgin təlim-məşq toplanışlarının sayəsində komandamız uğurla çıxış etdi”.

Allsport.az xəbər verir ki, bu sözü federasiyanın mətbuat xidmətinə müsahibəsində boks üzrə milli komandamızın baş məşqçisi Umberto Orta Dominqes deyib. Təcrübəli mütəxəssisin sözlərinə görə, 3 döyüşdəki məğlubiyyət baş məşqçi kimi ona təsir edib:

“Tayfur Əliyevin 1/8, Məsud Yusifzadənin 1/4, Məhəmməd Abdullayevin yarımfinalda görüşləri ilə bağlı bildirmək istəyirəm ki, onlar layiq olduqları qələbə ilə qiymətləndirilsəydi, medallarımızın sayı və əyarı müxtəlif ola bilərdi. Buna baxmayaraq, özümüzü xoşbəxt hiss edirik. 2 illik zəhmətimizin bəhrəsini gördük və bizim üçün ən önəmlisi budur”.

Kubalı baş məşqçi rinqdən kənarda aqressiv olmasına da aydınlıq gətirib: “Bu, idmandır və məşqçiyə aid olan xüsusiyyətdir. Məqsəd boksçuların rinqdə dediklərimi etməsi üçündür. Onlara qarşı hansısa təzyiq deyil. Əksinə, daha da irəli getmələrinə hesablanan addımdır. Gələcək hədəflərimiz daha yüksəkdir. Paris yay olimpiya oyunlarında məqsədimiz 2 qızıl medal qazanmaqdır. Ən azından dünya çempionatında qazandığımız mükafatlarla özümüz üçün yolu açdıq”.

Azərbaycan milli komandası dünya çempionatını 1 qızıl və 2 bürünc medalla başa vurub. Belə ki, Alfonso Dominqes (86 kq) qızıl, Sərxan Əliyev (71 kq) və Məhəmməd Abdullayev (+92 kq) bürünc medal qazanıblar.

Həmin kateqoriyadan