Peşəkar boksçularımız uğurlu çıxış edib

Bakı İdman Sarayında peşəkar boksçuların beynəlxalq turnirə yekun vurulub. Allsport.az saytı xəbər verir ki, yarışda Azərbaycan, Rusiya, Argentina, Avstriya, Gürcüstan və Ukraynadan olan rinq ustaları WBC Youth, IBF International, WBA Continental” və WBA Inter-Continental kateqoriyaları üzrə çempionluq uğrunda mübarizə aparıblar.

Görüşlərdə Rauf Ağayev Elvin Qarayevi, avstriyalı Joxar Amaev isə Ukrayna idmançısı Volodimir Ramanenkonu texniki nakautla məğlub edib. Rusiyalı Həsən Baysanqurov argentinalı Quido Pitodanonu texniki nakautla məğlub edərək ona məxsus olan WBA Continental versiyası üzrə çempion kəmərini qazanıb.

Onun böyük qardaşı Hüseyn Baysanqurov isə özünün IBF International və WBA Inter-Continental versiyası üzrə çempionluq kəmərini müdafiə etmək üçün argentinalı Antonio Villalobos ilə döyüşüb. Hüseyn də rəqibinə şans verməyib. Döyüş rusiyalı idmançının qələbəsi ilə başa çatıb.

Azərbaycanlı gənc boksçumuz Vahid Abbasov ukraynalı Roman Zincenkodan üstün olub. Gecənin əsas qarşılaşmasında azərbaycanlı Ramil Hacıyev WBC Youth versiyası üzrə dünya çempionu kəməri uğrunda argentinalı boksçu, dünya reytinqində ilk 100 sırada qərarlaşan Mateo Veron ilə üz-üzə gəlib. Görüş Azərbaycan idmançısının qələbəsi ilə başa çatıb. Döyüşün 3-cü hissəsində Ramil Hacıyevin üstünlüyü bəhrəsini verib hakim vaxtından əvvəl texniki nakaut qərarı ilə mübarizəni dayandırmalı olub.

Həmin kateqoriyadan