“Press Association”un rəhbəri idman jurnalistikası magistr proqramının qonağı olub

Dünya xəbər agentlikləri konqresi şurasının prezidenti və Böyük Britaniyanın “Press Association” agentliyinin baş icraçı direktoru Klayv Marşal Azərbaycan dövlət bədən tərbiyəsi və idman akademiyasının idman jurnalistikası magistr proqramının qonağı olub. Allsport.az saytı xəbər verir ki, qonaq ölkəmizə səfəri çərçivəsində təşkil edilən görüşdə bu ali təhsil müəssisəsində yaradılan Multimedia Mərkəzində olub.

Proqramın direktoru Dan Mason həmyerlisinə ölkəmizdə və Qafqazda ilk dəfə tədris olunan idman jurnalistikası magistr proqramı barədə ətraflı məlumat verib. Bildirib ki, idman jurnalistikası magistr ixtisasının yaradılmasında əsas məqsəd bu sahədə beynəlxalq səviyyədə rəqabətədavamlı kadrların yetişdirilməsidir.

O, həmçinin tədrisin ingilis dilində aparıldığı proqrama təkcə ölkəmizdə deyil, xaricdə də marağın artdığını bildirib. Bu il proqrama qəbul edilənlər arasında yerli tələbələrlə yanaşı, əcnəbilərin də olduğu vurğulanıb.

“Press Association” agentliyinin baş icraçı direktoru ölkədə idman jurnalistikası tədrisinin belə yüksək səviyyədə aparılması ilə bağlı müsbət təəssüratlarını ifadə edib.

Multimedia mərkəzində tədris üçün yaradılan şəraitlə tanış olan K.Marşal jurnalistika sahəsində ixtisaslaşmanın aparılmasının önəmindən, dünyada bu sahədə peşəkar kadrlara ehtiyac olmasından söhbət açıb. Bu baxımdan qonaq proqramın nəinki Azərbaycanda, region ölkələrində də jurnalistika tədrisi üçün mərkəz rolu oynaya biləcəyini qeyd edib.

Sonra K.Marşal idman jurnalistikası ixtisası üzrə təhsil alan yerli və xarici tələbələrlə görüşüb, tədris prosesi ilə maraqlanıb.

Həmin kateqoriyadan