Qabil Mehdiyev: Tam şəffaf, ədalətli və obyektiv təşkilat quracağıq

Gənclər və idman naziri Azad Rəhimov bu günlərdə mətbuat konfransında ölkədə yeni idman jurnalistləri təşkilatının yaradılacağını dedi. Proses artıq bir müddət başlayıb. Təzə qurum ədliyyə nazirliyindən qeydiyyatdan keçdikdən sonra tam fəaliyyətə başlayacaq. “Azərbaycan İdman Jurnalistləri” ictimai birliyi adı ilə çətin, amma şərəfli yola qədəm qoyulur. Təşkilata böyük səlahiyyət veriləcəyi söylənilir. Bundan sonra AGİN-nin nominasiyalarında və başqa məsələlərdə narazılıq qalmayacaq.

“İdman” qəzetinin baş redaktoru Qabil Mehdiyev allsport.az saytına açıqlamasında duruma belə aydınlıq gətirib: “Bir neçə dəfə Azad müəllimlə söhbətimiz olub. Uzun illər AİJA üzvü olsam da, bu qurumun fəaliyyətsizliyindən narazıyam. Ona görə artıq orada təmsil olunmuram. Cənab nazirin tapşırığından sonra lazımi addımlar atılıb. Böyük ehtimalla, yanvarda yeni təşkilatın fəaliyyəti ilə bağlı bir araya gəlib, görülən işlər və məqsədlər barədə ətraflı məlumat verəcəyik.

Tam şəffaf, ədalətli və obyektiv təşkilat quracağıq. Burada əsasən idman jurnalistlərinin fikrini öyrənəcəyik. Hamı bizdən razı qalmalıdır. Maraqlı layihələr də olacaq. İlkin mərhələdən sonra, AİPS-lə əməkdaşlıq qurulacaq. Əminəm ki, beynəlxalq təşkilat məhz bizi tanıyacaq və qəbul edəcək”.

Həmin kateqoriyadan