- Baxış sayı: 36
- 24 Noyabr 2024 13:26
- Baxış sayı: 34
- Noyabr 25, 2024
- 0
Bakı şəhər gənclər və idman baş idarəsi 2-ci Vətən müharibəsi qazilərinə psixoloji, mənəvi və hüquqi dəstək verilməsi üzrə görüşləri davam etdirir. Allsport.az saytı xəbər verir ki, toplantılar Azərbaycan əlil arabasında qılıncoynatma federasiyası, icra hakimiyyətlərinin qazi və vətən müharibəsi iştirakçıları ilə iş şöbələrinin birgə təşkilatçılığı ilə gerçəkləşir.
Görüş zamanı onlara mənəvi dəstək, hüquqi məsləhət, gənclərin paralimpiya hərəkatına cəlb olunmaları, qaziləri maraqlandıran sualların müvafiq qurumlara çatdırılma işində dəstəyin göstərilməsi kimi məsələlər müzakirə edilib. Həmçinin qazilərin Azərbaycanda keçirilməsi nəzərdə tutulan qılıncoynatma üzrə Zəfər kubokuna cəlb edilmələri nəzərdə tutulub.
Xətai rayonundakı son tədbirə BŞGİBİ rəisi Raqif Abbasov, AƏAQF prezidenti Asəf Məlikov, Xətai RİH qazi və vətən Müharibəsi iştirakçıları ilə iş şöbəsinin müdiri Anar Məmmədov və digər şəxslər qatılıblar. Qazilər göstərilən diqqətə görə dövlətə və xalqa minnətdarlıq edərək, hər an Vətənin ərazi bütövlüyü, suverenliyi uğrunda döyüşməyə hazır olduqlarını, xalqın diqqətini və sayğısını həmişə hiss etdiklərini və bundan şərəf duyduqlarını söyləyiblər.
Öncə, Xəzər və Suraxanı rayon qazilərinə psixoloji, mənəvi, hüquqi dəstək verilməsi üzrə görüşlər keçirilib. Növbəti həftə Sabunçu rayonunda yaşayan bütün qazilərlə belə formatda görüşlərin keçirilməsi planlaşdırılır.
Bildirilib ki, 44-günlük 2-ci Qarabağ savaşında xalqa qələbə sevincini yaşadan bütün qazilər BŞGİBİ ilə əlaqə yaradaraq arzu və istəklərini, o cümlədən, problemlərini dilə gətirə bilərlər. Bu layihələr respublikanın bütün hüdudlarını davamlı əhatə edəcək. İlkin olaraq, Bakı şəhərindən start götürən layihələrin regionlara qədər davam etməsi düşünülüb.