Albert Səlimov reytinqdə 1-ci yerə yüksəldi

Ümumdünya Boks Seriyasında (WSB) yeni fərdi reytinq cədvəli açıqlanıb. Allsport.az xəbər verir ki, 60 kq çəki dərəcəsində dünya və Avropa çempionu Albert Səlimov 4 görüşdən sonra 20 xalla 1-ci yeri tutur.

“Baku Fires” klubunun üzvü siyahıda kubalı Alvarez Estrada və rusiyalı Adlan Abdurraşidovu qabaqlayır.

Məhəmməd Qurbanov (56 kq) reytinqdə 2-cı sıradadır. 3 döyüşdən sonra 15 xal toplayan boksçumuz yalnız amerikalı Fransisko Martinezden geri qalır.

Arslanbek Mahmudov (+91 kq) döyüşlərinin çoxunu nokautla başa vursa da, o, hələ 3-cü pillədədir. 19 xalı olan boksçumuz xorvatiyalı Filip Hrqoviç və britaniyalı Cozef Coyzdan geri qalır.

Milli komandamızın üzvü Pərviz Bağırov (69 kq) 15 xalla 4-cü yerdədir. Həmyerlimizi Rəcəb Butayev (Rusiya), Məhəmməd Rabii (Mərakeş) və Stever Donelli (İrlandiya) qabaqlayır.

91 kq çəki dərəcəsində çıxış edən Abdulqadir Abdullayev də hələ ki 4-cü sıradadır. Hesabında 15 xal olan boksçumuz İqor Yakubovski (Polşa), Vasili Levit (Qazaxıstan) və Erislandi Savondan (Kuba) bir görüş az keçirib.

Avropa çempionatının bürünc mükafatçısı Heybətulla Hacəliyev (64 kq) 15 xalla reytinqdə 4-cü yeri tutur. Bu çəkidə reytinq cədvəlinə kubalı Yasiner Toledo başçılıq edir. Meksikalı Raul Kuriel 2-ci, italiyalı Vinçenzo Mangiakapre isə 3-cü pillədədir.

Sultan Migitinov çəkisi 81 kq olan boksçuların mübarizəsində 5-ci yerdədir.

Azərbaycan boksçuları yalnız 49, 52 və 75 kq çəki dərəcələrində reytində ilk beşliyə düşməyiblər.

Xatırladaq ki, mövsümün sonunda 49, 91 və +91 kq çəki dərəcələrində reytinqdə 1-ci olan boksçular, digər çəkilərdə isə 1-2-ci yeri tutan idmançılar Rio Olimpiadasına vəsiqə qazanacaqlar.

Həmin kateqoriyadan