Albert Səlimov və Məhəmməd Qurbanov reytinqdə liderliklərini davam etdirirlər

Ümumdünya Boks Seriyası (WSB) 10-cu turdan sonra yeni fərdi reytinq cədvəlini açıqlayıb. Allsport.az xəbər verir ki, “Baku Fires” klubunun iki üzvü yenə də reytinqdə 1-ci yeri tutur.

56 kq çəki dərəcəsində mübarizə aparan Məhəmməd Qurbanov 4 görüşdən sonra 20 xal toplayaraq siyahıya başçılıq edir. Onun ən yaxın izləyicisi amerikalı Fransisko Martinezin 19 xalı var. Siyahıda 3-cü yeri irlandiyalı Maykl Konlan tutur.

Albert Səlimov da fərdi reytinqdə 1-ci yeri tutur. 5 görüşdən sonra 25 xal toplayan boksçumuz kubalı Lazaro Estrada (22 xal) və əlcəzairli Reda Benbazizi (18 xal) qabaqlayır.

Heybətulla Hacəliyev (64 kq) reytinqdə 2-ci pillədəki mövqeyini qoruyub. Milli komandamızın üzvü 5 döyüşdən sonra 20 xal toplayıb. İtaliya nümayəndəsi Vinçenzo Maniaqapre eyni göstəriciyə malik olsa da, o, 1-cı sıradadır. Meksikalı Raul Qarsiya 19 xalla 3-cüdür.

69 kq çəki dərəcəsində yarışan Pərviz Bağırov “Astana Arlans”la qarşılaşmada Qazaxıstan boksçusuna uduzaraq, lisenziya qazanmaq şansını çətinə salıb. Boksçumuz reytinqdə 4-cü sırada olsa da, o, lider Rəcəb Butayevdən (Rusiya) 9 xal geri qalır.

4 qarşılaşmadan sonra 20 xal toplayan Abdulqadir Abdullayev (91 kq) hələ ki fərdi reytinqdə 4-cü yeri tutur. Qazaxıstan boksçusu Vasili Levit bu çəkidə liderdir. O, 5 görüşdən sonra 23 xal qazanıb. Kuba təmsilçisi Erislandi Savon 2-ci, polşalı İqor Yakubovski isə 3-cü yeri tutur.

Superağır çəki dərəcəsində Arslanbek Mahmudov 19 xalla 4-cü pillədədir. Amma boksçumuz ilk 3 yeri tutan rəqiblərinin hamısından 1 görüş az keçirib. Siyahıya 25 xalı olan Filip Hrqoviç başçılıq edir. Böyük Britaniya təmsilçisi Cozef Coys 2-ci yerdədir.

Xatırladaq ki, 49, 91 və +91 kq çəki dərəcələrində reytinqdə 1-ci olacaq boksçular, digər çəkilərdə isə 1-2-ci yerləri tutacaq idmançılar Rio de Janeyro Olimpiadasına vəsiqə qazanacaqlar.

Həmin kateqoriyadan