Sahil Babayev Paris olimpiadasında boksçuların hədəfini açıqladı

Azərbaycan boks federasiyasının prezidenti Sahil Babayev və idarə heyətinin üzvləri Paris-2024-ə lisenziya qazanan milli üzvləri ilə görüşüblər. Allsport.az saytı xəbər verir ki, ABF rəhbəri boksçularımızın yay olimpiya oyunlarına 5 çəkidə vəsiqəyə yiyələnməsini yüksək qiymətləndirib. O, əsas hədəfin boksçularımızın Parisdə qızıl medal qazanması olduğunu vurğulayıb. 

Boks üzrə milli komandamızın olimpiya oyunlarında lisenziya sayına görə Avropada ilk sıralarda olduğunu, dünya üzrə isə Özbəkistan, Qazaxıstan və Avstraliyadan sonra 4-cü yerdə qərarlaşdığını, hətta zəngin boks ənənələrinə malik ABŞ kimi ölkəni qabaqladığını, Kuba ilə eyni göstəriciyə malik olduğunu qeyd edib.

Boks üzrə millinin baş məşqçisi Pedro Roke yaradılan şəraitə görə federasiya rəhbərliyinə minnətdarlığını bildirib, boksçularımızın məsul yarışda uğur qazanması üçün çalışacaqlarını vurğulayıb.

İyulun 26-dan avqustun 11-dək Parisdə keçiriləcək XXXIII “dördillik”də 5 boksçumuz – Nicat Hüseynov (51 kq), Malik Həsənov (63,5 kq), Murad Allahverdiyev (80 kq), Alfonso Dominqo (92 kq), Məhəmməd Abdullayev (+92 kq) mübarizə aparacaq.

Həmin kateqoriyadan