Vaqif Sadıqov: “Serbiya ilə oyundakı səhvləri Norveçdə təkrarlamamalıyıq”

AFFA-nın İcraiyyə Komitəsinin üzvü, Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov AFFA-nın rəsmi saytına müsahibə verib. Allsport.az sizi həmin müsahibə ilə tanış edir.

– Milli komandamız iyunun 1-dən 8-dək Avstriyada təlim-məşq toplanışında oldu. Hazırlıq prosesini yaxından izlədiniz. Toplanışı necə qiymətləndirərdiniz?
– Milli komandaya müxtəlif vaxtlarda rəhbərlik etmiş bir məşqçi kimi deyə bilərəm ki, komandanın yaxşı hazırlaşması üçün yüksək səviyyədə şərait yaradılıb. Robert Prosineçki kollektivdə yüksək ab-hava yarada bilib. Peşəkarlığa söz ola bilməz. Milli komanda Norveç yığması ilə oyuna ciddi hazırlaşır. Serbiya millisi ilə yoldaşlıq oyununa gəldikdə, nəticə bizi qane etməsə də, komandanın fasiləyə qədər nümayiş etdirdiyi oyun ümidverici idi. Bu komandamızda potensialın olduğunu, istənilən güclü rəqibə qarşı mübarizə aparmağa hazır olduğumuzu göstərir. Görülən işlərin müsbət nəticəsini Norveçdə görəcəyimizə inanırıq. Millimiz məğlubiyyətdən, oyun zamanı yol verilən səhvlərdən nəticə çıxarıb, məşqçi heyəti ilə birgə təhlil aparıb lazımi tədbirlər görəcək və Osloda Norveç millisinə qarşı keçiriləcək oyuna tam hazır olacaq. İnanıram ki, Robert Prosineçki doğma meydandakı uğurlu debütün davamını bu dəfə səfərdə gətirəcək.

– Komanda üzvlərinin psixoloji vəziyyəti necədir?
– Yoxlama oyunundakı məğlubiyyətdən sonra məşqçilərin vaxtında müdaxiləsi sayəsində futbolçuların psixoloji durumu yaxşıdır. Bu məğlubiyyət özü bir siqnal idi, baş məşqçi, eləcə də futbolçular lazım olan məlumatları əldə ediblər. Bundan istifadə edib buraxılan səhvləri Norveçlə oyunda təkrarlamamalıyıq. Bilirik ki, Norveç qrupda üçüncü yer uğrunda mübarizə aparır və onlar xal itkisinə yol verməməyə çalışacaqlar. Biz də yeni bir komanda, kollektiv formalaşdırırıq. Komanda şəklində güclü olduğumuzu bu qarşılaşmada sübut etməliyik.

– Hazırlığın ilk günündən etibarən millinin düşərgəsindəsiniz. Serbiya yığması ilə yoldaşlıq oyununu qısaca necə təhlil edərdiniz?
– Söhbətimizin əvvəlində də yoxlama oyununa toxundum. Həmin qarşılaşmanı iki hissəyə bölmək olar. Serbiya yığması oyunun sonuna qədər əsas heyəti qorumağa çalışdı. Robert Prosineçki isə sərəncamında olan bütün futbolçulara özlərini göstərmək imkanı yaratdı. Buna görə də ikinci hissənin əvvəlində çoxsaylı dəyişikliklər etdi. Deməli, o, birinci hissədə komandası haqda lazımi məlumatları əldə edə bildi. Sonra isə ən yaxın ehtiyat qüvvəni sınadı və onların nəyə qadir olduğunu özü üçün müəyyənləşdirdi. Bu o deməkdir ki, baş məşqçi lazım olan nəticəni əldə edib. Bundan sonrakı mərhələ sırf Norveç millisi ilə oyuna hazırlıq olacaq, baş məşqçinin tapşırıqları da buna hesablanacaq. Unutmayaq ki, Serbiya yığması ilə oyunumuzu rəqibimiz olan Norveç millisinin məşqçisi də izləyirdi. Onlar da özləri üçün müəyyən nəticələr çıxaracaq. Buna görə Prosineçkinin heyətdə dəyişikliklər edəcəyi istisna deyil. Ola bilər ki, baş məşqçi tərəfindən gözlənilməz addımlar atılsın.s

– Serbiya yığması ilə oyunda iki fərqli hissə izlədiyimizi vurğuladınız. Bu, rəsmi oyun ərəfəsində ehtiyat qüvvənin yoxlanılmasına görə belə alındı?
– Birinci hissədə əsas oyun modeli nəzərdən keçirildi. Fasilədən sonra isə ehtiyat qüvvə sınaqdan keçirildi. Əlbəttə, böyükhesablı məğlubiyyəti heç kim gözləmirdi və istəmirdi. Çünki bunun komandaya psixoloji baxımdan mənfi təsiri ola bilərdi. Amma qarşılaşmadan dərhal sonra məşqçilərin müdaxiləsi işlərin peşəkar səviyyədə qurulmasını göstərir. Onlar gördükləri işlə futbolçularda özünəinamı qaytarmağa çalışdılar. İzah etdilər ki, heç kim məğlubiyyətdən sığortalanmayıb, sadəcə, bundan dərs çıxarmaq, nəticə əldə etmək lazımdır. Komandamızın Norveç yığması ilə oyuna tam hazır olacağına inanırıq.

– Yeri gəlmişkən, Serbiya yığması ilə oyunda millinin heyətində debüt edən futbolçular da oldu. Onların çıxışı haqda nə deyə bilərsiz?
– Coşqun Diniyev, Məhəmməd Mirzəbəyov və Məhəmməd Qurbanovun yığmanın heyətində ilk dəfə meydana çıxması onu göstərir ki, biz nəticə ilə bərabər, yeni komndanı da formalaşdırmağa çalışırıq. Bu gənclər tədricən yığmaya uyğunlaşacaq və gələcəkdə komandanın aparıcı simalarına çevriləcəklər. Onlarıa təcrübə toplaması, millinin ab-havasına öyrəşməsi üçün bu cür matçlarda şans vermək lazımdır.

Həmin kateqoriyadan