Vaqif Şirinov: Avropa birinciliyindən öncə bir neçə sınaq döyüşlərimiz olacaq

Gənclərdən ibarət yığmamız Avropa birinciliyinə hazırlığı davam etdirir. Allsport.az saytı xəbər verir ki, Vaqif Şirinovun başçılıq etdiyi komanda təlim-məşq toplanışının son hissəsini boks mərkəzində keçir. Nalçik şəhərində təşkil olunmuş beynəlxalq turnirdə 2-ci yeri tutan millimiz plana uyğun olaraq gündə 2 və ya 3 məşqə çıxır. Mütəxəssisin sözünə görə, təlim-məşq toplanışında əsasən son aylarda beynəlxalq turnirlərdə təcrübə toplayan boksçular iştirak edirlər:

“Təlim-məşq toplanışımız yüksək səviyyədə keçir. Yarışa az vaxt qaldığından hazırlığı daha da gücləndirmişik. Komandamızda gözəl ab-hava var. Məşqlər üçün lazım olan bütün şərait yaradılıb. Hazırlıqda 20 boksçu iştirak edir. Sınaq döyüşləri üçün Rusiyadan da idmançılar çağırmışıq. Həmçinin kişilərdən ibarət millinin və “Qəbələ”nin üzvləri də bəzən bizlə məşq edib, gənclərlə öz təcrübələrini bölüşürlər. Yarışa aparılacaq heyət demək olar ki, böyük ölçüdə məlumdur. Son sınaq döyüşlərimiz oktyabrın 13-də və 14-də olacaq. Çünki Bolqarıstanda, Gürcüstanda və Rusiyada yarışlarda iştirakdan sonra kimin nəyə qadir olduğunu özümüz üçün müəyyənləşdirmişik. Bu səbəbdən də komandamızı birinciliyə hazır hesab edirəm”.

Son mərhələ başa çatdıqdan sonra yığmamız Avropa birinciliyinin keçiriləcəyi Türkiyənin Antalya şəhərinə yollanacaq. Qeyd edək ki, oktyabrın 21-də start götürəcək qitə birinciliyi ayın 28-də başa çatacaq. Yığmamız yarışda tam heyətlə – 10 boksçu ilə təmsil olunacaq.

Həmin kateqoriyadan