- Baxış sayı: 384
- 06 Noyabr 2024 22:37
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
“Avropa birinciliyinə hazırlığın son mərhələsi İtaliyada oldu. Ev sahibləri ilə 2 yoxlama görüşü keçirdik və onlardan üstün döyüş nümayiş etdirdik”. Allsport.az saytı xəbər verir ki, bunu gənc boksçulardan ibarət millinin baş məşqçisi Vaqif Şirinov deyib. Təcrübəli mütəxəssis İtaliyanın Rozeto-deli-Abrutsi şəhərində başa çatan Avropa birinciliyini şərh edib. O, 1 qızıl, 1 gümüş medal və yeniyetmələrin yay olimpiya oyunlarına 1 lisenziya qazanan komandamızın çıxışından razı qalıb:
“Düzdür, püşkdə uşaqlarımız güclü qrupda yer aldılar. Buna baxmayaraq, boksçuların hər biri özünü ən yaxşı tərəfdən göstərdi. İstənilən rəqibə qarşı layiqli mübarizə apardılar. Ukrayna, Rusiya kimi boks ölkələrinin də təmsilçilərinə qalib gəldik. Amma ruslarla bəzi görüşlərdə hakimlər düzgün qərar vermədilər”.
Onun sözünə görə, bəzi çəki dərəcələrində haqsızlıqla üzləşməsəydilər, medalların sayı daha çox ola bilərdi: “Çempion olan Nurlan Səfərov və gümüş medalçı Nicat Həsənovun uğuruna inanırdıq. Biz onların hər ikisindən qızıl medal gözləyirdik və buna da ümid edirdik. Amma ədalət təmsilçilərinin Həsənovla qərarı düzgün olmadı. O, həqiqətən “qızıl”a layiq idi. Mənə görə də qarşılaşmanı qazanmışdı. Hakimlər qərarı səhv verdi. Maqsud Xasmetovla Həsən İbrahimovun döyüşlərində də bu hal yaşandı. Əgər elə olmasaydı, onlar da çıxışını uğurla başa vuracaqdılar”.
Baş məşqçi bildirib ki, Nicat Həsənov da Buanes Ayres-2018-də Nurlan Səfərova qoşula bilər: “Olimpiadaya ikinci lisenziyaya da sahib olmaq şansımız var. Bu isə hələlik sual altındadır. Tezliklə hər şeyə aydınlıq gələcək. Çünki Rusiya yığmasının 5 boksçusu çempion tituluna yiyələnib və eyni sayda da Olimpiadaya lisenziya qazanıb. Lakin qaydalara görə yarışda hər ölkə maksimum 3 idmançı ilə təmsil oluna bilər. Əgər rusların imtina edəcəkləri 2 çəkidən biri 69 kq olarsa, onda Avropanı gümüş medalçı təmsil edəcək və bu şans Nicata veriləcək”.
Komandamız Avropa birinciliyində 2 medal və 1 lisenziya ilə yanaşı, avqustda olacaq dünya çempionatına 7 vəsiqəyə də sahib olub. Orada ölkəmizi Maqsud Xasmetov (49 kq), Nurlan Səfərov (60 kq), Səbuhi Abışov (64 kq), Nicat Həsənov (69 kq), Zaur Musayev (81 kq), İsmayıl Yaqubov (91 kq), və Vüqar Səmədov (+91 kq) təmsil edəcəklər.