“Vikings Hammer” 1-ci olub

25 mayda “EGP arena”da “Red Bull idman zallarının toqquşması”na yekun vurulub. Allsport.az saytı xəbər verir ki, bu qeyri-adi yarışda idmançılar həm fiziki güclərini, həm də komanda ruhunu nümayiş etdiriblər. Gərgin mübarizədə “Vikings Hammer” 1-ci olub. “Fitness” gümüş, “Gənclik İdman Zalı” bürünc medallar qazanıb.

Red Bull tarixində ilk dəfə keçirilən bu yarışın ev sahibi məhz Azərbaycan olub. Tədbir Su idman sarayı və “DJEVO Sport” brendinin dəstəyi ilə baş tutub. Yarışın xüsusi qonağı – iordaniyalı “Red Bull” atleti və krossfit təlimçisi Amin Atallah iştirakçılarla peşəkar təcrübəsini bölüşərək, yarış boyunca onlara dəstək verib.

İzləyicilər fərqli məşqlər, komanda qarşılaşmaları və güclü idman ruhu ilə dolu canlı atmosferin şahidi oldular. “Vikings Hammer” komandası isə ölkəmizi 2–5 oktyabrda Yunanıstanda baş tutacaq dünya finalında təmsil edəcək. Bu möhtəşəm finalda ABŞ, BƏƏ, Misir, Səudiyyə Ərəbistanı və digər ölkələrdən olan ən güclü komandalar bir araya gələcək.

Həmin kateqoriyadan