Yelizaveta Luzan: Şadam ki, federasiyamız mənə etibar etdi

Buenos Ayres-2018 yeniyetmələrin 3-cü yay olimpiya oyunlarında daha bir sevindirici xəbər gəlib. Allsport.az saytının məlumatına görə, bədii gimnastımız Yelizaveta Luzan yarışın baş mükafatına sahib çıxıb. O, uğurunu okeanın o tayından belə bölüşüb:

“Bu, mənim üçün böyük yarış və böyük məsuliyyət idi. Şadam ki, federasiyamız ölkəmizi təmsil etməyi mənə etibar etdi. Belə böyük yarışlarda ilk dəfədir iştirak edirdim. İndiyədək yalnız Avropa çempionatına qatılmış və orada lentlə hərəkətlərə finala yüksəlmişdim. Bu cür komanda yarışı ilk dəfədir keçirilirdi. Bu, yarışın çox maraqlı formatıdır. Bu gün fəxri kürsüdə yer almağımız çox xoş olay idi.

Böyük fəxr hissi keçirirəm ki, komandamızın bir hissəsiyəm və Bakıya medalla qayıdıram. İlk növbədə, bizə yarışlarda ölkəmizi təmsil etmək üçün ən yüksək şəraiti yaradan federasiyamızın prezidenti Mehriban xanım Əliyevaya minnətdaram. Milli Olimpiya Komitəsinə də təşəkkür etmək istərdim. Eyni zamanda, çıxış etdiyimiz vaxt bizi dəstəkləyən Argentina publikasına “Çox sağ olun” deyirəm”.

Həmin kateqoriyadan