Yeniyetmə idmançılar üçün «İslam dini və müasir gənclik» mövzusunda seminar

Bu gün təhsil nazirliyinin «Təhsil» idman mərkəzinin 2 nömrəli respublika ixtisaslaşdırılmış olimpiya ehtiyatları uşaq-gənclər idman məktəbinin təşkilatçılığı və Dini qurumlarla iş üzrə dövlət komitəsinin dəstəyi ilə «İslam dini və müasir gənclik» mövzusunda seminar keçirildi. Allsport.az saytı xəbər verir ki, Bakı şəhərinin 3 saylı uşaq yaradıcılıq mərkəzinin akt zalında baş tutan tədbirdə 100-ə yaxın pedaqogi işçi və idmançının iştirak etdi.
Məlum olduğu kimi, ölkəmizdə bədən tərbiyəsinə göstərilən böyük qayğı əhalinin müxtəlif təbəqələrinin idmana cəlb edilməsini ilbəil artırıb. Azərbaycan prezidenti İlham Əliyevin təşəbbüsü ilə 1998-ci ildən başlayaraq, iki ildən bir keçirilən yeniyetmələrin respublika oyunları idmanın həm bölgələrdə inkişafı, həm də kütləviliyi baxımından yeni mərhələnin əsasını qoyub.

İdman dövlətin aparıcı sahələrindən olsa da, son dövrdə dini mövzular əhəmiyyətini artırıb. Dini etiqad azadlığı, əsrlərdən bəri xalq arasında mövcud olan dini dözümlülük və multikulturalizm ənənəsi dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrilib. Bu baxımdan, Azərbaycan İlahiyyat İnstitutunun yaradılması prezident İlham Əliyevin Azərbaycançılıq ideologiyasının inkişafını və milli-mənəvi dəyərlərin qorunmasını daim diqqət mərkəzində saxladığının göstəricisidir.

Dini radikalizmə qarşı mübarizədə milli-mənəvi və dini dəyərlərin qorunmasına həssas olan 2 nömrəli RİOEUGİM, gənc idmançıların İslam dini mövzusunda maarifləndirilməsini də diqqətdə saxlayır. Məktəbin direktoru Əjdər Cəfərovun sözünə görə, tədbirin keçirilməsində məqsəd öz milli və dini tolerantlığı ilə ad çıxaran ölkəmizin həmişə tamam fərqli mövqedə olması, bütün dini etiqadları və etnik azlıqları təşviq etməsi, əsrlərin sınağından süzülüb-gələn İslam ənənələrinin mühafizəsinə layiqli töhfə vermək, idmançıları bu sahədə düzgün tərbiyələndirməkdir. Mütəxəssis, ölkəmizin Bakı-2017 İslam həmrəyliyi oyunlarına ev sahibliyi ilə bu 2 sahənin ayrılmaz vəhdətini təşkil etməsini vurğuladı.

DQİDK-in dini maaarifləndirmə işinin təşkili şöbəsinin aparıcı məsləhətçisi Tural Vəlizadə bildirdi ki, müxtəlif mədəniyyətlərin, dinlərin, millətlərin, etnik qrupların vətəni olan Azərbaycanda mövcud olan multikultural və toleratlıq ənənələri günümüzə qədər davam edir. Bu gün resbulikamızda dini etiqad azadlığı tam təmin edilir və bütün dinlərin, xalqların, etnik qrupların nümayəndələri eyni hüquqlara malikdirlər.

“Əməkdar bədən tərbiyəsi və idman xadimi”, professor Cavanşir Qurbanov çıxışında qeyd etdi ki, din haqqında məlumatsızlıq və onun düzgün təqdim edilməməsi dini radikalizmin yaranmasına şərait yaradan amillərdəndir. Bu gün ölkəmizdə hökm sürən dinlərarası tolerantlıq mühitinə qarşı əsas təhdid olan dini radikalizmlə geniş mübarizə aparılır. Bu mübarizənin ən önəmli metodlarından biri də dini maarifləndirmə işinin təşkilidir. Dini maarifləndirmə işində gənclərin rolunun artırılması dövlət siyasətinin başlıca istiqamətlərindəndir.

 

Həmin kateqoriyadan