YUNESKO-nun bədən tərbiyəsi və idman üzrə hökumətlərarası komitəsinin iclasında

Aprelin 3-də YUNESKO-nun bədən tərbiyəsi və idman üzrə hökumətlərarası komitəsinin (CİGEPS) növbəti sessiyası təşkilatın mənzil qərargahında öz işinə başlayıb. Allsport.az saytı xəbər verir ki, iclasın açılış hissəsində komitənin 2019-2023-cü illər üzrə sədri qismində Azərbaycan respublikasının gənclər və idman naziri Fərid Qayıbov çıxış edib, Çilinin idman nazirinin bu vəzifəyə seçilməsi münasibətilə təbrik edərək Komitənin son dörd il ərzindəki fəaliyyəti barədə məlumat verib.

Azərbaycanın YUNESKO-nun idman gündəliyinə xüsusi töhfələr verdiyini bildirən nazir, ötən ilin 26-29 iyun tarixlərində Bakıda 110 ölkənin nümayəndələrinin iştirakı ilə keçirilən MİNEPS VII konfransının uğuru haqqında danışıb, eyni zamanda “Fit for Life” təşəbbüsü çərçivəsində Azərbaycanda həyata keçirilən layihələrdən bəhs edib.

İclasda iştirak edən baş direktorun sosial və humanitar elmlər üzrə müavini Qabriela Ramos, komitənin yeni sədri, Çilinin idman naziri Xayme Pizarro və bir sıra digər üzv ölkələr Azərbaycana uğurlu sədrliyə, MİNEPS VII konfransının yüksək təşkilinə görə təşəkkür ediblər.

Nazir Fərid Qayıbov Parisə səfəri çərçivəsində həmçinin YUNESKO baş direktorunun sosial və humanitar elmlər üzrə müavini Qabriela Ramosla görüşüb. Söhbətdə ölkəmizin YUNESKO-da səfiri Elman Abdullayev də iştirak edib.

Həmin kateqoriyadan