Tennis İdman Kompleksinin əsaslı təmirdən sonra açılışı olub

Bu gün Tennis İdman Kompleksinin əsaslı təmirdən sonra açılışı olub. Allsport.az saytı xəbər verir ki, tədbirdə gənclər və idman naziri Azad Rəhimov, Tennis federasiyasının prezidenti Oqtay Əsədov və digər rəsmi şəxslər iştirak ediblər. Bakı şəhəri Nərimanov rayonunda fəaliyyət göstərən bu idman qurğusu 1986-cı ildə inşa edilib. Bu müddətdə burada əsaslı təmir və yenidən  qurma işləri aparılmayıb.

Cari ilin birinci yarısından başlayaraq Tennis İdman Kompleksinin bina və qurğularında əsaslı təmir, yenidənqurma, cari təmir işlərinə başlanılmış və əlavə zəruri tikinti-quraşdırma işləri aparılıb. Belə ki, qurğunun əsas binası, tribunası gözətçi-keçid binası əsaslı təmir olunmuş, 6 ədəd tennis kortlarının xüsusi tennisit örtüyü dəyişdirilmiş ətrafının metal-tor hasarı təmir edilmiş, işıqlandırma sistemi yenidən qurulmuş və müvafiq ləvazimatlarla təmin olunmuşdur.

Bundan əlavə, kompleksin fəaliyyətinin tam təmin edilməsi üçün ərazidə əlavə olaraq Əsas binaya bitişik Fitnes zalının tikintisi, masaj otağının tikintisi, qazanxananın tikintisi, nasosxananın tikintisi, 60 m–lik su anbarının tikintisi, 120 m–lik çirkab su anbarının tikintisi işləri yerinə yetirilmişdir. Yeni sahəxari qaz xətti çəkilmiş, elektrik xətti bərpa olunmuş, çirkab su və drenaj şəbəkəsi təmir olunub.   

Əsasli təmir və yenidənqurma işlərindən sonra əsas binada fitness zalı, inzibati otaqlar, kafe, gözləmə zalı-holl, məşqçi otağı, soyunub-geyinmə və duş qəbulu otaqları, sanitar qovşaqlar, sauna, təsərrüfat otağı, camarşırxana fəaliyyət göstərir. Ərazidə 6 ədəd tennisit yer örtüklü açıq tennis kortları fəaliyyət göstərir.   

Ərazidə asfalt və tamet örtüyü vurulmuş, abadlıq-yaşıllaşdırma işləri həyata keçirilib. Bina və meydançalar müasir avadanlıq, mebel və ləvazimatlarla təchiz edilib.

Həmin kateqoriyadan