- Baxış sayı: 41
- 22 Noyabr 2024 20:40
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
“Neftçi”nin baş məşqçisi Arif Əsədov klubun rəsmi saytına müsahibə verib. Allsport.az sizi həmin müsahibə ilə tanış edir:
– Arif müəllim, “Qarabağ” klubu ilə oyuna hazırlıq barədə məlumat verərdiniz…
– Kubok oyunundan sonra bütün diqqətimizi “Qarabağ”la görüşə yönəltmişik. Təəssüf ki, heyətlə bağlı problemlərimiz var. Vobay və Kauenin zədəli olması planlarımızı müəyyən mənada pozur. Bundan başqa, Elvin Yunuszadə və Elnur Allahverdiyev cəzalı durumdadırlar. Bütün bu çətinliklərə baxmayaraq, biz həftə sonu meydana yalnız qələbə üçün çıxacağıq.
– Bu futbolçuların yoxluğunda kimlərə şans verməyi düşünürsünüz?
– Biz son oyunlarda Nicat Qurbanov, Elvin Bədəlov və Emin Mehtiyevin xidmətindən yararlandıq. Müəyyən qədər oyun praktikasından əziyyət çəkirlər. Məsələn, “Qəbələ” ilə oyunda Elvin Bədəlov müəyyən qədər çətinlik çəkmişdi, amma ikinci hissədə daha yaxşı oynadı. “Qaradağ Lökbatan” klubu ilə kubok matçında Emin Mehtiyev etimadı doğrultdu. Yəni oynadıqca bu problemlər də aradan qalxacaq. Onlar əsas heyətin üzvləridir və start heyətində möhkəmlənməyə çalışırlar. Komandada sağlam rəqabət mühiti formalaşıb və belə olan halda inkişaf da olacaq.
– “Qarabağ”la matçı 6 xallıq oyun kimi də qələmə vermək olar. Bu oyun liderlə xal fərqini azaltmaq baxımından da əhəmiyyətlidir…
– “Neftçi” hər zaman yalnız çempionluq uğrunda mübarizə aparıb. Bu baxımdan qələbə qazanaraq xal fərqini azaltmaq istəyirik. Heyətlə bağlı çətinliklərimiz olsa da, meydana çıxacaq hər bir futbolçu yalnız qələbə üçün oynayacaq.
– Son oyunlardakı ardıcıl xal itkiləri və heyətlə bağlı problemlər komandada hər hansı psixoloji gərginlik yaratmayıb?
– Təbii ki, heyətdə cəzalı və zədəli futbolçular çox olanda sabit heyət qurmaqda çətinlik çəkirik. Bu mənada problemlər ola bilər. Amma psixoloji baxımdan hər şey qaydasındadır. Hər kəs üzərinə düşən məsuliyyəti anlayır və peşəkarlıqla əlindən gələnin ən yaxşısını etməyə çalışır.
– Son oyunlarda start heyətində meydana çıxmış qapıçı Emil Balayev Almaniyanın “Ayntraxt” klubunda baxışdadır. Onun yoxluğu nə kimi təsir göstərir?
– Emil Balayev gənc və perspektivli qapıçıdır. Futbolda səhvlər qaçılmazdır. Bununla belə, biz Emilə şans verdik və o, ümidlərimizi doğrultdu. Onu start heyətində meydana buraxmaqla legioner limitindən də daha səmərəli yararlana bilirdik. Bununla belə, klub rəhbərliyi də gənc yerli futbolçuların inkişafına hər zaman xüsusi həssaslıqla yanaşıb. Klubun da inkişaf strategiyası budur ki, gənc futbolçular burada özlərini inkişaf etdirib güclü xarici klubların diqqət mərkəzində düşsünlər. Bu ümumilikdə Azərbaycan futbolunun inkişafı baxımından əhəmiyyətlidir. Gələcəkdə digər futbolçularımız da legioner həyatı yaşamaq istəsələr, biz öz dəstəyimizi əsirgəməyəcəyik.