Arif Əsədov: “Neftçi”nin qapısı hər bir yerli futbolçu üçün açıqdır”

“Neftçi”nun baş məşqçisi Arif Əsədov qol.az saytının suallarını cavablandırıb. Allsport.az sizi həmin müsahibə ilə tanış edir.

– Başa çatmaqda olan 2014-cü ili “Neftçi” üçün necə qiymətləndirmək olar?
– “Neftçi” bu il Avroliqanın pley-off mərhələsinə qədər irəlilədi. Mən “Neftçi”yə sentyabr ayında gəldim. Artıq çempionatın üç turu arxada qalmışdı. Heyəti qurmaqda çətinlik çəkirdik. Əsasən yerli futbolçuların qıtlığı var idi. Bunları nəzərə alaraq, bugünkü mövqeyimizi qənaətbəxş sayıram. Əsas məqsədmiz odur ki, çatışmazlıq olan mövqelərimizi möhkəmləndirək və 3-cü dövrədə daha yaxşı mübaizə aparaq.

– Komandanızın qış fasiləsinə turnir cədvəlinin 3-cü pilləsində yollanmağı qanunauyğunluqdur?
– Əslində daha yaxşı nəticə ilə fasiləyə yollana bilərdik. Bildiyiniz kimi, komandaya üç aydır gəlmişəm. Hər bir məşqçinin öz futbol fəlsəfəsi olur. Onu da nəzərə almaq lazımdır ki, “Neftçi” mənim rəhbərliyim altında hazırlıq dövrü keçməyib. Bundan əlavə milli komandalara xeyli futbolçu verdiyimiz üçün çempionatda yaranan fasilələr zamanı tam heyətlə hazırlıq keçə bilmirdik. “Neftçi”dən irəlidə olan “İnter” və “Qarabağ”ın baş məşqçiləri artıq 6-7 ildir ki, öz komandasını çalışdırır. Onların tam formalaşmış heyətləri var. Bu amili də nəzərə almaq lazımdır. Öz səhvlərimizdən də xal itirmişik. Maraqlı faktlardan biri də odur ki, “Neftçi” cari mövsüm penalti şansı qazanmayan yeganə komandadır.

– Bunda hakim səhvləri rol oynayıb?
– Bəzi oyunlarda hakim səhvləri oldu. Ancaq bunu əsas götürmürəm. Sadəcə, bütün səbəblərdən danışdım. Əsas problemimiz heyətlə bağlı idi.

– Hansı çatışmazlıqlar oldu ki, onları qış fasiləsində aradan qaldırmaq lazımdır?
– İlk növbədə qeyd etdiyim yerli futbolçu çatışmazlığını aradan götürmək lazımdır. Bunun üçün seleksiya işləri görürük. Rəqabət olmayan yerdə inkişafdan söhbət gedə bilməz. Buna görə də çalışacağıq ki, hər mövqedə bir neçə futbolçumuz olsun.

– Demək olarmı qış fasiləsindən sonra yerli futolçulardan qurulmuş bir “Neftçi” görəcəyik?
– Komandamızın qapısı hər bir yerli futbolçunun üzünə açıqdır. Təlim-məşq toplanışında heyətimizdə yerli futbolçuların sayı çox olmaldır ki, sınaq matçlarında onları nəzərdən keçirək. Heyətimizdə yaxşı əcnəbi futbolçular var. Ancaq limit məsələsinə görə onlardan istədiyimiz kimi istifadə edə bilmirik. Ona görə də çalışırıq ki, yerli futbolçulardan ibarət komanda formalaşdıraq ki, dediyimiz rəqabət olsun və ümumi futbolumuza fayda verək.

– Komandadan göndərilən futbolçular olacaq?
– Heyətə cəlb olunacaq futbolçulara nəzər salmalıyıq, sonra buna uyğun hərəkət etməliyik.

– Ernest Nfor və Nikolas Kanalesin “Neftçi”dən göndəriləcəyi xəbərləri doğrudur?
– Qeyd etdiyim kimi, əvvəlcə komandaya yeni futbolçular cəlb olunacaq, sonra isə buna uyğun olaraq gedənləri müəyyənləşdirəcəyik. Ancaq mətbuatda adlarla bağlı yanlışlıq var. Bunu da normal sayıram. Ən dəqiq məlumat klubun rəsmi saytında olacaq.

– Yəqin ki, Nikolas Kanalesin çıxışı sizi qane etmir?
– Bir baş məşqçi kimi narazı olduğum heç bir futbolçunun adını mətbuata açıqlamaq istəmirəm. Bu məsələləri daxildə həll edirik.

– Son günlər Rauf Əliyevlə Rəhman Hacıyevin adı “Neftçi” ilə hallanır. Bu futbolçularla danışıq aparırsınız?
– Bu barədə indi danışa bilmərəm. Bir neçə futbolunun adı “Neftçi” ilə hallanır. Adları çəkilənlərin hamısı öz sözünü demiş futbolçulardır. Hər biri millimizin üzvləridir. Ancaq konkret kiminlə müqavilə imzalayacağımızı indi demək istəmirəm.

– Onda sualı belə qoyaq: Premyer Liqamızın bombardiri Nurlan Novruzovu “Neftçi”də görmək istərdiniz?
– (gülür) Nurlan, Rauf, Rəhman və adıçəkilən digər futbolçuların hər birinə böyük hörmətimiz var. Hər bir məşqçi bu futbolçuları komandasında görmək istəyər. Ancaq müəyyən səbəblərə görə mən bu barədə danışa bilmərəm. Məsələ rəsmiləşməyənə qədər danışmaq istəmirik.

– Bəs, icarə əsasında Türkiyənin “Elazığspor” klubunda çıxış edən Cavid İmamverdiyevin yaxın günlərdə “Neftçi”yə qayıdacağı gözlənilirmi?
– Bildiyiniz kimi, Cavid “Neftçi”nin yetirməsidir. Gözümün önündə böyüyüb. Onu əvəzedici heyətə mən gətirmişdim. Əlbəttə ki, Cavidi də komandada görmək istərdim. Ancaq onun “Elazığspor”la may ayına qədər müqaviləsi var.

Həmin kateqoriyadan