Baçana Sxadadze: “Əsas odur ki, meydanda heç kim çirkin işlərlə məşğul olmurdu”

“İnter”in hücumçusu Baçana Sxadadze Topaz Premyer Liqasının 17-ci turu çərçivəsində keçirilmiş “Neftçi” ilə oyundan sonra azerisport.az saytının suallarına cavab verib. Allsport.az sizi həmin müsahibə ilə tanış edir.

– “Neftçi” üzərində qələbə qazandınız, hərçənd oyuna pis başlamışdınız…
– Çox maraqlı oyun oldu. Yəqin ki, bu fikrimlə razılaşarsınız. Hamı bu oyundan zövq aldı. Həm azarkeşlər, həm də oyunçular. Bu gün biz qalib gəldik, amma sabah “Neftçi” qələbə qazana bilər. Əsas odur ki, Azərbaycan futbolunda belə oyunların sayı çox olsun. İlk dəqiqələrdə maksimum gücümüzü göstərmədik. Əsas odur ki, yaradılan şəraitdən istifadə edə bildik.

– Start heyətdə olmamağın hazırlığınla bağlıdır, yoxsa…?
– Bu, sırf baş məşqçinin qərarıdır. Mən də bu qərara hörmətlə yanaşıram. “Neftçi” ilə ilk dövrədəki oyunda zədə almışdım. Zədəmi yenicə bərpa edirəm. Hələ meydana çıxmağa tam hazır deyiləm. Tam formamı bərpa etməmişəm. Meydana əvəzetmədən daxil oldum və çalışdım ki, qələbədə payım olsun. Öz oyunum haqda nəsə desəm, düzgün çıxmaz. Bunu mütəxəssislər şərh edə bilər. Yalnız onu deyim ki, komandama kömək etdiyim üçün şadam.

– İkinci hissədə hakimdən penalti tələb edirdiniz. Həmin epizodda nə baş vermişdi?
– Hamı səhv edir. Hakimlik barədə danışmaq istəmirəm. Futbolçuyam, ədalət qoruyucularının qərarlarını şərh etmək mənim işim deyil. Dəqiq olaraq “orada penalti var idi” deyə bilmərəm. Düzdür, ilk baxışda penalti olduğunu düşündüm. Amma epizodun təkrarına baxmaq lazımdır.

– Sona yaxın meydanda tez-tez mübahisə yaranırdı. Bu, nədən irəli gəlirdi?
– “Neftçi”nin üzvləri bəzi epizodlarda kobud oynasalar da, bu, normal haldır. Hətta deyərdim, yaxşı idi. Komanda hesabda geridə olarkən əsəblər tarıma çəkilir. Əsas odur ki, meydanda heç kim çirkin işlərlə məşğul olmurdu. Əsl mübarizə gedirdi. Azərbaycan çempionatında nə qədər belə oyun olsa, o qədər yaxşıdır.

– “Neftçi”nin aqibətini “Qəbələ”yə də yaşada biləcəksiniz?
– Vaxt azdır. Cəmi 2 gün məşq edəcəyik, sonra isə oyuna çıxacağıq. Amma şikayətlənməyə əsas yoxdur. Çətin oyun olacaq. Görüşə ciddi hazırlaşmalıyıq. İnanıram ki, gücümüzü bərpa edib, istədiyimiz nəticəni qazanacağıq.

– “İnter” ikinci pilləyə yüksəlməklə liderə yaxınlaşdı. Bu mövsüm əvvəlkindən daha yaxşı başlamısınız…
– İndi sonluq haqda danışmaq tələskənlikdir. Fasilə ərəfəsində son oyun Qəbələdə olacaq. Bu baxımdan qələbə vacibdir. İstəyirik, fasiləyə qələbəylə yollanaq. Biz hər zaman iddialı komanda olmuşuq. Sadəcə, sonluq hər zaman istədiyin kimi olmur.

– “Qəbələ”yə yeni baş məşqçi təyin olunub. Bu mənada siz səfərdəki matçın favoriti sayıla bilərsiniz?
– Futbolçular hər zaman yeni baş məşqçiyə özünü göstərmək istəyir. Ona görə çətin oyun olacaq. Rəqibin heyətində kifayət qədər yaxşı futbolçular var. Oyunun taleyini həll etməyi bacaran futbolçuları az deyil. Bu mənada biz artıq “Neftçi” üzərində qələbəni unutmalıyıq.

Həmin kateqoriyadan