Baçana Sxadadze: “İnter”də qalmaq haqda düşünmək olar”

Bakı “İnter”inin gürcüstanlı hücumçusu Baçana Sxadadze Azərbaycan kubokunun yarımfinal mərhələsinin “Neftçi” ilə cavab matçından (2:1, ilk oyun 0:2) sonra qol.az saytına müsahibə verib. Allsport.az sizi həmin müsahibə ilə tanış edir.

– Qələbə qazansanız da, iki oyunun nəticəsinə görə kubokda mübarizəni dayandırdınız. Finala çıxa bilməməyinizə nə səbəb oldu?
– “Neftçi”nin zəif oynamasına baxmayaraq bəxtimiz gətirmədi. Daha iki qol vura bilərdik. Bunun üçün yaxşı fürsətimiz də oldu. Amma əlimizə düşən imkanlardan yararlana bilmədik. Rəqibi təbrik edirəm. Final matçında “Neftçi” və “Qarabağ”a uğurlar arzulayıram.

– Niyə ilk hissədə oyununuz istənilən kimi alınmadı?
– Matçın əvvəlində “Neftçi” bütün diqqətini müdafiəyə yönəltmişdi. Birinci hissədə bir neçə qol epizodumuz olsa da, rəqibin müdafiə xətti möhkəm dayandı. İkinci hissəyə isə daha aqressiv başladıq. Həm də sona doğru rəqib artıq yorulmuşdu. Finala vəsiqə qazanmaq üçün əlimizdən gələni etdik. Qalib gəlsək də, lazım olan nəticəni əldə edə bilmədik.

– Düşünürsən ki, ikinci hissədə sərgilədiyiniz oyunu ilk yarıda göstərə bilsəydiniz, böyük hesabla qalib gələrdiniz?
– Bu, futboldur. Birinci və ikinci hissə arasında hər zaman fərq olur. Dünya təcrübəsindən də göründüyü kimi, ilk yarıda komandalar hər zaman qapalı oynayır. Matçın ilk dəqiqələrində kompakt oyun sərgiləyən “Neftçi”nin sona doğru tamamilə müdafiəyə oturması bizim işimizi asanlaşdırdı.

– Ümumiyyətlə, bu matçda sizdə nə çatışmırdı?
– Ancaq bəxt… Ayrı heç nə. Oyunu izlədiniz. Xoşunuza gəlmədi? Mənə təsir edən o oldu ki, “İnter” bu oyunla finala çıxa bilmədi.

– Çempion olmaq şansınızın çox az olduğunu demək olar?
– Nəzəri cəhətdən şansımız qalıb. Sona kimi mübarizə aparacağıq.

– Mövsümün sonunda Kaxaber Sxadadze “İnter”dən ayrılacaq. Sənin klubdakı taleyin necə olacaq?
– Hələ bu haqda heç nə deyə bilmərəm. Klubdakı vəziyyətə baxacağam. Mənim hələ “İnter”lə bir illik müqaviləm var. Hal hazırda “İnter”də atmosfer çox yaxşıdır. Bu komandada oynamaq hər birimizə zövq verir. Gələcək haqqında indidən heç nə deyə bilmərəm. Görək, yeni baş məşqçi kim olacaq. İndiki ab-hava davam etsə…

– Atanla bu barədə söhbətin olub?
– Yox hələ danışmamışıq. Təbii ki, mən onunla məsləhətləşirəm və hər işdə onun rəyini öyrənirəm. Əgər komandanın tərkibi saxlanılsa və iddialı yeni baş məşqçi gəlsə, qalmaq haqqında düşünmək olar.

Həmin kateqoriyadan