- Baxış sayı: 41
- 22 Noyabr 2024 20:40
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
Məşqçilər Şurasının üzvü, “Neftçi”nin sabiq çalışdırıcısı Böyükağa Hacıyevin azerisport.az saytına müsahibə verib. Allsport.az sizi həmin müsahibə ilə tanış edir.
– Azərbaycan Premyer Liqasını izləyirsinizmi? İlk dövrədən sonra çempionat haqda fikirlərinizi bilmək maraqlı olardı…
– Çempionatda sürpriz nəticələr az qeydə alınmır. Son turda “Qarabağ”la “Qəbələ”nin nəticələri məni çox düşündürdü. Hər bir komanda uğur qazanmaq üçün çalışır. Bu mənada futbolda hər bir nəticəyə hazır olmalısan. “Sumqayıt”ın qələbəsi göstərdi ki, istənilən komanda “Qarabağ”ı məğlub edə bilər. Ağdam təmsilçisi ölkə çempionatıyla yanaşı Avroliqada da mübarizə aparır. Futbolçular hər iki cəbhədə eyni gücdə yarışa bilmir. Buna görə xal itkisini normal qarşılamaq lazımdır. “Qarabağ”dan fərqli olaraq, “Qəbələ”nin heyətlə bağlı problemi yoxdur. Qriqorçuk transferlərindən iki komanda düzəldə bilər. Ona görə “Zirə”ylə matçda heç-heçə onlar üçün qəbuledilməzdir. Fikrimcə, “Qəbələ”nin xal itkisi futbolçuların fiziki hazırlığında problem olmasını göstərir. Onlar işinə peşəkar yanaşmırlar.
– Yeri gəlmişkən, klublarımızın Avroliqada pley-offa yüksəlmək şanslarını necə qiymətləndirirsiniz?
– “Qəbələ”nin şansı çox azdır. İndiki halda komanda qalan oyunlarda yaxşı oynamaq barədə düşünməlidir. Onsuz onlar hədəfə nail oldular. İlk dəfə qrup mərhələsinə vəsiqə qazanmaqla azarkeşləri sevindirdilər. Amma “Qarabağ” tarixi yeniləməyə yaxındır. Bunun üçün doğma meydanda “Monako”ya qalib gəlmək lazımdır. Ağdamlıların bunu nə dərəcədə bacaracağını zaman göstərəcək.
– Dekabrda və ya mövsümün sonunda Roman Qriqorçuk “Qəbələ”dən ayrılsa, bu düzgün qərar olacaq?
– Mətbuatdan oxumuşam ki, ona Ukrayna millisindən dəvət var. Düzünü deyim ki, millidə çalışmaq hər bir məşqçinin arzusudur. Ona görə millidən dəvət varsa, Qriqorçuk Qəbələdə qalmayacaq. Buna əmin olun. Hansı klubda işləməyindən asılı olmayaraq, yığmadan təklif gələrkən razılaşmalısan. Bu, hər məşqçi üçün şərəfdir. Hazırda Azərbaycan çempionatı əcnəbi məşqçilər üçün təkan rolunu oynayır. Sonra da deyirlər ki, çempionatda inkişaf yoxdur. Kaxaber Sxadadze “İnter”də işləməklə Gürcüstan millisinə dəvət aldı, Qriqorçuk Ukrayna yığmasına gedir. Daha nə istəyirsiniz, hər bir əcnəbini millisinə göndəririk.
– “Zirə” haqda nə deyə bilərsiniz? Debütant olsa belə, yaxşı təsir bağışlayır…
– Bu komanda çempionata rəng gətirdi. Çox yaxşı oynayırlar. Mənim üçün yarışın ən maraqlı komandalarından biridir. Lakin bu o demək deyil ki, “Zirə” artıq avrokuboklar barədə düşünməlidir. Hazırda komanda təcrübəsini artırmalıdır. Mümkün qədər heyətdə rəqabət yaratmalıdır. Avrokubok barədə düşünmək komanda üçün tezdir, bu gələcəkdə kluba problem yarada bilər. Hər şeyi vaxtında etmək lazımdır.
– Bəziləri söyləyir ki, çempionluq uğrunda əsas mübarizə “Qarabağ”la “Qəbələ” arasında olacaq. Sizcə, digər klublar onlarla rəqabət apara bilmir?
– Hazırda çempionatda komandalar arasında ciddi fərq var. Bəziləri heyət baxımından bu mübarizədə geri qalır, bəzilərində oyun aşağı səviyyədədir. Amma mən “İnter”dən yaxşı oyun gözləyirəm. Bu komanda problemlərə baxmayaraq, əzmkar mübarizə göstərir. Onlar güclü rəqiblərə təslim olmur, sona qədər döyüşür. Digər tərəfdən qış transferində klubların güclənməsi çempionata təsir edə bilər. Bəzi klublar məhz yanvarda güclənməklə çempionluq yarışına qoşula bilər.
– Kohnə komandanız “Neftçi”nin oyununa baxanda nə hisslər keçirirsiniz?
– “Neftçi”nin oyununa baxanda ürəyim ağrıyır. Bu komanda hazırda yaxşı formada deyil. Sözsüz, müəyyən çətinliklər var. Lakin heyət bütövlüklə dəyişib. Fikir verin, ötənilki komandadan demək olar ki, bir futbolçu belə qalmayıb. Rəhbərlik gəncləşdirmə siyasəti aparır və bunun nəticəsini gözləyir. Oyun baxımından komandada son nöqtəni qoyan lider yoxdur. Sözlərimi pis başa düşməsinlər. Amma heç kim “Neftçi”ni belə görmək istəməz. Bir amili unutmayın. Komanda avrokuboklara düşməsə, azarkeşlər bunu heç kimə bağışlamayacaq. “Neftçi”nin sadiq azarkeşləri var, onlar komandanı çox sevirlər.
– Sizcə, hazırda çempionatımızda nə çatışmır?
– Bu gün Azərbaycan çempionatında intriqa yoxdur. Heç kim pis başa düşməsin, amma açıq danışan yoxdur. Məşqçilər rəqiblər haqda ehtiyatlı danışır, sərt açıqlama verməyə çəkinirlər. Çempionatı elə açıqlamalar daha maraqlı edir. Məğlubiyyət və ya qələbədən sonra fərqi yoxdur. Hamı eyni sözləri deyir. İntriqa olmayanda, mübarizə sakit keçir, maraqsız olur. Açıq şəkildə rəqib haqda fikir söyləyən, problemlərin səbəbi barədə danışan məşqçilər yoxdur.